Azərbaycanlı qadın: ‘Ərim məni və uşaqlarımı zorla pornoya baxmağa məcbur edir’ - FOTOLAR

Azərbaycanlı qadın: ‘Ərim məni və uşaqlarımı zorla pornoya baxmağa məcbur edir’ - FOTOLAR
Bütün Xəbərlər
14:31 10.01.2013
13332

İşgəncələrdən bezən Günay Abdullayeva: “Məni dəmirlə döyür, boğur, asır, azyaşlı uşaqlara əzab verir, polis isə...”

Paytaxt sakini Günay Abdullayeva redaksiyamıza müraciət edib. O, həyat yoldaşı Əli İsgəndərov tərəfindən dəfələrlə vəhşicəsinə döyüldüyünü və bu faktların da hüquq-mühafizə orqanları tərəfindən ört-basdır edildiyini bildirir.

Qadın ailə qurduğu dörd il müddətində bu cür hərəkətlərin saysız-hesabsız olduğunu vurğulayır. Deyir ki, o, ərinin vəhşiliklərindən can qurtarmaq üçün dəfələrlə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə rəsmi şəkildə müraciət etsə də, polis heç bir tədbir görməyib. Qadının müraciətləri nəticəsiz və təqsirkar cəzasız qaldığından, bu il yanvarın 2-də əri onu növbəti dəfə döyüb. Nəticədə evə çağırılan təcili yardım qadının vəziyyətinin ağır olduğunu görüb polisə müraciət edib. Polis əməkdaşları isə onu xəstəxanaya yerləşdirərək çıxıb gediblər.

Qadın yanvarın 3-də növbəti dəfə polis bölməsinə müraciət edərək əri tərəfindən xəsarət aldığını bildirsə də, aradan keçən bir həftədə iş araşdırılmır. Əksinə, qadının əri xəstəxanaya gələrək ondan ərizəsini geri götürməyi tələb edib. Əsas kimi də göstərib ki, polis bölməsi qadının vəziyyətinin yüngül olmadığından xəbərdardır və ərizəsini geri götürmədən ölə bilər. Bu halda isə vəziyyət pisləşəcək.  “Dörd dəfə Əlinin əlindən qaçıb ayaqyalın 23-cü bölməyə gəlmişəm. Rəsmi şəkildə müraciət etmişəm, ərizə yazıb bildirmişəm ki, ərim məni öldürür, kömək edin. Bölmənin əməkdaşları isə ərimi çağırıb məni ona veriblər ki, al apar. Elə bölmədən çıxan kimi, həyətdə məni polislərin yanında təpiyinin altına salıb, ancaq heç kim mənə yardım etməyib. Əksinə, ərim sonradan deyir ki, nə qədər istəyirsən polisə müraciət edə bilərsən. Onsuz da polislərin haqqı 200 manatdır, bu qədər verib səni istədiyim qədər döyürəm. Dəfələrlə məni dəmirlə, ağac parçaları ilə döyüb,  boğub, asıb və sonradan kəndiri kəsib, hamilə vəziyyətdə torpağa basdırıb və sair. Ərim qohumlarımı öldürəcəyi, evlərini yandıracağı ilə hədələyir. Elə olur ki, qaçıb hansısa qohumumun evində gizlənirəm, evə qayıdan günü o da gəlib çıxır və işgəncələr təkrar başlayır. Onun hərəkətləri danışmaqla qurtaran deyil. O, üç uşağıma da əzab verir. Polis isə işə baxmır”. Bunu da hazırda xəstəxanada müalicə alan G.Abdullayeva bildirir.

Şikayətçi deyir ki, işsiz olan əri qohumlarının qadına verdiyi pullarla yaşayır, əvəzində isə qadın üç körpəsi ilə günlərlə ac qalır: “Qohumlarım, bacı-qardaşım bizə pul, pay, ərzaq göndərirlər. Əli heç birini evə gətirmir. Bizə qonşular bir qab yemək versə, yeyirik, yoxsa ac qalırıq günlərlə. Qaz sayğacına kart yükləmir ki, evi isitməyək. Bu qışın günündə soyuqdan donuruq”. Onun sonrakı fikirləri isə daha dəhşətlidir. Qadın deyir ki, əri onu və uşaqlarını məcbur edir ki, internetdə yüklədiyi intim, əxlaqsız videolara baxsınlar: “Sonra da uşaqları məcbur edir ki, soyunub həmin videodakı hərəkətləri təkrar etsinlər. İki qızım var, onların başına pis hadisənin gələcəyindən qorxuram. Pulu qurtaranda isə mənə deyir ki, get özünü sat, mənə pul gətir. Bunları polis bölməsində deyəndə isə mənə deyirlər ərin dediyini edə bilərsən”. G.Abdullayevanın yaxınları isə bildirir ki, qadın illər boyu fiziki və psixoloji travma alıb. Başına dəyən zərbələrdən gözləri zəifləyib, boğazında zob yaranıb, qolu və əli qırılıb: “Biz qanuni yolla Günayı və uşaqlarını onun əlindən qurtarmağa çalışırıq, ancaq hüquq-mühafizə orqanları pulun müqabilində susur və dörd nəfərin nə zaman öləcəyini gözləyir. Polis heç bir qonşunu çağırıb məsələni aydınlaşdırmaq istəmir, əksinə, onlar maraqlıdır ki, Günay hər dəfə döyülsün və onlar hər dəfə bir neçə yüz manat pul qazansınlar. Bu qədər də özbaşınalıq olarmı?”

Sonda bu drama rəsmilərin də mövqeyini öyrənmək istədik. Daxili İşlər Nazirliyindən məsələnin araşdırılacağı və diqqətdə saxlanılacağı vəd edildi. Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsindən isə şikayətçinin adını eşidən kimi bildirdilər ki, həmin kişidən pul alınması yalan söhbətdir: “O kişinin heç əyninə şalvar almağa imkanı yoxdur”. İdarənin 23-cü bölməsindən isə bildirdilər ki, şikayətçi qadının müraciəti araşdırılır. Bölmənin rəisi Nəsib Məmmədov bildirdi ki, şikayətçi G.Abdullayevanın yanvarın 3-də bölməyə etdiyi şikayətlə bağlı yanvarın 4-də məhkəmədə sadələşdirilmiş iş icraatı açılıb. Məhkəməyə göndərilməsi üçün sübutlar toplanır. Bölmə rəisinin sözlərinə görə, sonunda güman ki, bölmə təhqiqatçısı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin başlanmasını tövsif edəcək. O, həmçinin bir həftə ərzində ekspertizanın nə səbəbdən təyin olunmamasına, bölmənin heç bir təhqiqat aparmamasına, iş icraatı varsa, bu barədə şikayətçiyə nə səbəbdən məlumat verilməməsinə tutarlı səbəb gətirmədi. 

Hüquqşünas Müzəffər Baxış isə bildirir ki, sözügedən şikayətlə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsinin əsas göstərilməsi doğru deyil. Onun sözlərinə görə, burada həm də 6 ayadək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, çox hallarda bu, təyin edilmir. Məqsədli şəkildə ya cərimə, ya da islah işləri təyin edilir: “Əslində isə fakta görə Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə cinayət işi başlanmalıdır. Bu, əzabverməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Bunun üçün isə hüquq-mühafizə orqanları sübutlar toplamalı, araşdırma aparmalıdır. Ancaq bizdə hüquq-mühafizə orqanları korrupsiyalaşmış qurumdur, həmçinin əməkdaşların hüquqi bilikləri aşağıdır. Bu cür hərəkətlərə görə 133-cü maddə ilə 3 ilədək azadlıqdan məhrumetmə, hətta bəzi hallarda 5 ilədək və daha artıq müddətdə həbs nəzərdə tutulur”.

O qeyd etdi ki, zorakılığa məruz qalmış qadın “Məişət zorakılığı haqqında” Qanunu əsas tutaraq məhkəməyə müraciət edə və uzunmüddətli mühafizə orderi ala bilər. Həmçinin zorakılıq edən kişiyə qadının yaşadığı evə, müəyyən hüdudlara daxil olmaq qadağan edilə bilər və bunun üçün məsuliyyət də nəzərdə tutulur.   N.Məmmədov isə deyir ki, şikayətçi G.Abdullayevanın bölməyə etdiyi əvvəlki müraciətlər arxivdə araşdırılır: “Biz bu müraciətləri tapmağa çalışırıq ki, görək həmin araşdırmaların nəticəsi necə olub. Həmçinin şikayətçi ona qarşı edilən zorakılığın daimi olduğu, bununla bağlı bizə dəfələrlə müraciət etdiyi barədə vəsatət versə, biz bunu araşdırıb müvafiq nəticə çıxara bilərik”.

Qeyd edək ki, G.Abdullayevanın 11, 3 və 2 yaşlı üç uşağı var. Uşaqlardan böyüyü qadının əvvəlki rəsmi həyat yoldaşındandır. Balacalar isə dini kəbinlə evləndiyi Əli İsgəndərovun uşaqlarıdır.

Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR