“Lotu Quli”nin qardaşına “tac” verilməsi xəbəri yayıldı.
Rusiya KİV-lərində kriminal aləmin ən nüfuzlu “qanuni oğru”larından biri Rövşən Canıyevlə (“Lənkəranski”) bağlı yeni məlumatlar yayılıb. Qeyd edək ki, bu ilin yanvar ayının 16-da Aslan Usoyanın (“Ded Xasan”) Moskvadakı qətlindən sonra “Lənkəranski” barədə yayılan ziddiyyətli məlumatlara hələ də tam aydınlıq gətirilməyib.
Məsələn, “qanuni oğru”ların həyatından yazan Rusiyanın kriminlanaya.ru saytı onun barəsində hələ də “pokoynı” ifadəsini işlədir. Halbuki R.Canıyevin guya İstanbulda “Ded Xasan” klanı tərəfindən qətlə yetirilməsi barədə yayılan xəbərlərin yalan olduğu tam təsdiqlənib. Bu yaxınlarda Rusiya kriminalının generallarından olan Vyaçeslav Leontev (“Vadik Belıy”) Rusiyanın nüfuzlu “Moskovskiy komsomolets” qəzetinə müsahibəsində “Rövşən Lənkəranski” ilə bağlı məlum xəbərdən də danışmışdı. Dubayda yaşayan “Belıy” “Lənkəranski” ni tərifləmiş və onun güllələnməsi barədə xəbərləri təkzib edərək “o sağ-salamatdır” demişdi.
Rusiyanın daha bir nüfuzlu primecrime.ru saytının adını çəkilməsini istəməyən redaktoru isə vesti.az portalına “Lənkəranski” barədə yeni və çox ilginc məlumatlar verib. Vesti.az yazır ki, həmin jurnalist də “qanuni oğru”nun hazırda Dubayda olduğunu təsdiqləyib. Məlumat verən mənbə onu da deyib ki, “Lənkəranski” ilə bərabər “qanuni oğru” Əlibala Həmidov da (“Yasamallı Qoca”) Dubaydadır.
Saytın bu xəbərində daha çox diqqətçəkən məhz “Qoca”nın da hazırda Dubayda və “Lənkəranski” ilə birgə olmasıdır. Çünki yaxın vaxtlaradək “Qoca” Gürcüstan doğumlu “qanuni oğru”larla (Baxış Əliyev (“Vaxa”), Vaqif Süleymanov (“Vaqif Marneulski”) və s.) birgə “Ded Xasan” klanı ilə yaxınlıq edirdi. Heç kimə sirr deyil ki, “Ded”in qətlindən bir neçə ay öncə “Lənkəranski”nin “oğru” adından məhrum edilməsi ilə bağlı qərar vermişdi və Azərbaycan həbsxanalarına göndərilən “praqon”da “Qoca”nın adı hallanırdı. Saytın daha bir sensasion iddiası hazırda Lipeçkoy həbsxanasında cəza çəkən Vaqif Süleymanovun da “Lənkəranski” cəbhəsinə keçməsi ilə bağlı tam təsdiqlənməmiş məlumatdır.Belə görünür ki, “Ded Xasan”dan sonra kriminal aləmdə yaranmış çalxalanmada tərəf seçmək mərhələsi gəlib və ən nüfuzlu azərbaycanlı “qanuni oğru”lar “Lənkəranski”nin yanında yer alıb. Xatırlayırsınızsa, “Ded Xasan”ın qətlindən sonra bu mövzuda yazdığımız araşdırmalarda azərbaycanlı “qanuni oğru”ların da nəhayət, təşkilatlanmasının qaçılmaz olduğunu və “Lənkəranski”nin liderliyə ən şanslı namizəd olduğunu vurğulamışdıq. Bu xəbərlərin tam doğru olduğunu iddia edə bilmərik, amma “Lənkəranski”nin ətrafında bu birləşmə prosesinin gedəcəyi də gözləniləndir...
Rusiya mənbələrinin “Ded Xasan” klanı ilə bağlı xəbərləri də diqqətə layiqdir.Vesti.az yenə həmin mənbəyə istinadən xəbər verir ki, “Ded” klanı da sıralarını yeni və gənc “qanuni oğru”larla möhkəmlədir. Onların arasında Azərbaycan oxucusu üçün tanış olan bir ad var ki, bu barədə sonda...
Məlumata görə, son vaxtlar “Ded” klanı üç azərbaycanlıya “qanuni oğru” adı verib. Yeni “tac” alanlar 1977-ci il təvəllüdlü İlqar Əliyev, 1981-ci ildə anadan olan Albert Heydərov və haqqında az məlumat olan Rəşad Gəncəlidir. Ən maraqlı məlumat isə “Ded” klanı ilə yaxınlığı olan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) qardaşının da “oğru” adı alması ilə bağlı xəbərdir. Sayta məlumat verən mənbə xəbərin tam doğru olduğunu iddia etməyib.
Ehtimal etmək olar ki, söhbət “Lotu Quli”nin qardaşı Müşfiq Səlifovdan gedir. Onu 2005-ci il yanvarın 25-də Əl Oyunları Sarayında voleybol yarışından çıxandan sonra şərləyərək həbs etmişdilər. Sarayın VİP lojasında oyunu seyr edən və salona daxil olan zaman iki yoxlamadan keçən BDU-nun hüquq fakültəsinin tələbəsinin üstündən axtarış zamanı silah “tapılmışdı”. Sonradan da təsdiq olundu ki, bu, “Quli” yə qarşı düşünülmüş plan olub və qardaşını həbs etməklə onu cəzalandırmaq istəyiblər. Bir neçə il həbsxanada yatan və 2010-cu ildə azadlığa buraxılan M.Səlifovun hazırda Rusiyada yaşadığı deyilir. İstisna deyil ki, bu “Lotu Quli”yə əks olan tərəflərin məqsədli şəkildə Rusiya mənbələrinə ötürdükləri dezinformasiyadır.
Musavat.com











































