AZXEBER.COM-un məlumatına görə, müraciətdə onlar dövlət başçısından Azərbaycanda kitab üzərindən Əlavə Dəyər Vergisinin (ƏDV) götürülməsini xahiş ediblər. Müraciət müəllifləri bildiriblər ki, prezident son illər Azərbaycan mədəniyyətinin inkişafı naminə böyük layihələrin həyata keçməsinə imza atıb və dövlət başçısının fərmanı ilə nəşr olunan 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” Azərbaycan tarixində ən böyük ədəbiyyat layihəsidir.Yazıçılar qeyd ediblər ki, kitab, dövlət dəstəyi olmadan nəinki inkişaf edə, heç yaşaya da bilməz: “SSRİ dağıldıqdan sonra hər dövlət özünün kitab siyasətini müstəqil müəyyən etdi. Bəzi ölkələr kitabı tam, bəziləri isə qismən dövlət vergisindən azad etməklə yanaşı, öz ədəbiyyatlarını xarici ölkələrdə təbliğ etmək üçün ədəbiyyata dəstək fondları təsis etdilər. Böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, Böyük Britaniya, İrlandiya, Norveç, Kiprdə, Moldovada, Tacikistanda, Gürcüstanda ƏDV 0%-dir. Türkiyədə, Fransada, İtaliyada Macarıstanda, Litvada, İspaniyada 4 %, təşkil edir.Yaxın qonşumuz Gürcüstanın kitaba münasibəti unikaldır, bu mənada ki, kitabı bütün vergilərdən azad edib, kitab kağızı, mətbəə avadanlıqları, bir sözlə kitaba gərək olan heç bir avadanlıqlar və xammaldan vergi almır.Bu yaxınlarda Yazıçılar ittifaqında Milli Məclisin deputatlarının iştirakı ilə Kitabın üzərindən vergilərin götürülməsi ilə bağlı dəyirmi masa təşkil olunmuşdu. Həmin dəyirmi masada iştirak edən hər kəs kitabın vergi yükündən azad olmasını arzu etdi.Azərbaycan yazıçılarının, naşirlərin, kitabçıların arzularını nəzərə alaraq, səlahiyyətinizdən istifadə etməklə ƏDV-nin kitab üzərindən götürülməsinə Sərəncam verməyinizi xahiş edirik”.Müraciəti Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin katibi, P.E.N. mərkəzinin prezidenti xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, Xalq şairləri Vaqif Səmədoğlu, Nəriman Həsənzadə, Zöhrab Tahir, Sabir Rüstəmxanlı, xalq yazıcıları İsa Hüseynov, Gülhüseyn Hüseynoğlu, Mövlud Süleyman imzalayıb.