Azərbaycanlılar nə qədər yaşayır? (Araşdırma)

Azərbaycanlılar nə qədər yaşayır? (Araşdırma)
Bütün Xəbərlər
22:11 28.09.2011
3196
Güllü nənə bəlkə də Azərbaycanın ən uzunömürlü sakinlərindən biri idi. Oğuzun Kərimli kəndində yaşayırdı. Güllü nənə həm də dünyaya 10 uşaq gətirən qəhrəman analardan idi. Biz onu tanıyanda qızlarının yaşı 70-dən çox idi. Çoxları onun belə uzun ömür yaşamasını genetika ilə və s. ilə əlaqələndirirdi. Amma Güllü nənənin həyat tərzi müasir vətəndaşlarımızın həyatından çox fəqlənirdi. Nənə gündə 3 dəfə və həmişə eyni vaxtda yemək yeyərdi, rejmini heç vaxt pozmazdı. Deyirdi ki, yemək vaxtı stolun üstündə nə qədər naz-nemət olsa da, ancaq bir növ qida ilə kifayətlənmək lazımdır. Yeməkləri qarışdırmaq olmazdı. Güllü arvad ömrünün axırına qədər soyuducuya heç nə qoymaz, konserv məhsullarını dilinə də vurmazdı. Evləri ikimərtəbəli idi. Alt mərtəbələrin birinin döşəməsi sementlə döşədilmişdi, ora hər zaman sərin olardı. Nənənin də soyuducusu ora idi. Nənə hər zaman saçlarını qatıqla yuyardı. Yəqin elə bu səbəbdən ömrünün sonunadək uzun və möhkəm saçları vardı. Cavan yaşlarında iki övlad itkisi görsə belə Güllü nənə qamətini əyməmişdi. Evin bütün hesab-kitabını özü aparar, ömrünün sonunadək yaddaşını itirməmişdi. Bəs indi Azərbaycanın Güllü nənələri varmı? Və ya sualı belə qoyaq, bizim Güllü nənələrimiz yenə olacaqmı?Statistika Komitəsi: azərbaycanlıların ortalama yaş həddi 73,6-dır Vaxtikən Azərbaycan uzunömürlülərinin sayına görə öyünürdü. Hətta söhbətlər gəzirdi ki, Şirəli Müslümov adında bir baba 160 ildən artıq ömür yaşayıbmış. BMT-nin 2007-ci hesabatında Azərbaycanda orta yaş həddi 70 götürülmüşdü. Həmin vaxt Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda kişilərin orta yaş həddi 69, qadınlarınkı isə 72 olub. 1989-cu ildə isə Azərbaycanda 2639 uzunömürlü qeydə alınıb. Onlar arasında qadınlar kişilərdən bir neçə dəfə artıq olub. Dövlət Statistika Komitəsindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirildi ki, ölkədə əhalinin sayı (01. 07. 2011-ci il vəziyyətinə) 9169,4 nəfər göstərilir. Onlardan 4546,0 kişi, 4623,4-ü isə qadındır. Komitənin məlumatına görə, 2010-cu ildə Azərbaycanda gözlənilən ömür uzunluğu 73,6 olub. Bu, qadınlarda 76,3, kişilərdə 70,9 imiş. 10 il bundan qabaq - 2000-ci ildə isə gözlənilən ömür uzunluğu ümumilikdə 71,8 olub. Bu, qadınlarda 75,1, kişilərdə isə 68,6 yaş təşkil edib. Komitə daha sonra qeyd edir ki, 2009-cu ilin əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən, 100 və yuxarı yaşlı əhali daha çox Tovuz, Gədəbəy, Şəmkir, Bərdə və Tərtər rayonlarında qeydə alınıb. Şirəli baba əfsanə imiş Statistikaya inansaq, Azərbaycanda 2010-cu illə müqayisədə ortalama yaş həddində artım olub. Ancaq AMEA-nın Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Afiq Qazıyev rəqəmlərə fərqli yanaşır. A. Qazıyev ANS PRESS-ə konkret rəqəmlər açıqlamasa da, Azərbaycanda əhalinin sayının da artmasına inanmadığını bildirdi: "Ölkədə ailə qurmayan və yaşı 30-u keçən nə qədər qız var. Onlar subaydırlar, bəs artım necə olur? Və ya müəyyən bir dövr var idi ki, oğlanların böyük əksəriyyəti ölkəni tərk edirdi. Qızlar isə oğlansız qalırdılar. Bu indi də belədir. Belə bir şəraitdə artım necə ola bilər?" A. Qazıyev deyir ki, uzunömürlülük insanın ahıl yaşdan sonra fiziki işlə məşğul olması deməkdir: "Qısa müddətdə dünyada yaşayış proqramı dəyişib. İndi stress, gərginlik artıb. İndi insanlar gördükləri işdən ləzzət almırlar. Artıq hamı gərginlik içindədir, daim şikayət içində gününü açır və elə də bitirirlər". AMEA-nın Fiziologiya İnstitutunun Uzunömürlülər laboratoriyasının müdiri Çingiz Qasımov isə deyir ki, 80-ci illərə ölkədə ömür uzunluğu ilə bağlı hər şey yaxşı olub. İndi isə Azərbaycanda uzunömürlülərin sayı azalıb, amma heç nəyə baxmayaraq yenə də var. Qeyd edim ki, həm Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, eləcə də AMEA-nın Fiziologiya İnstitutundan ən yaşlı azərbaycanlının kim olduğunu, neçə yaş yaşadığını öyrənməyə çalışsaq da cavab ala bilmədik. Lakin başqa, bilmədiyimiz bəzi məsələlərdən agah olmuş olduq. Çingiz Qasımovun sözlərinə görə, uzunömürlülük piramida şəklində təsvir edilir. Bu piramida nə qədər ucalsa, deməli ölkədə həyat şəraiti bir o qədər yaxşıdır və insanlar uzun ömür sürürlər. Ç. Qasımov onu bildirdi ki, qloballaşma dövründə vəziyyət dəyişib: "O vaxt insanlar təmiz ekoloji şəraitdə yaşayır, hava qəbul edirdilər. Təbii meyvə-tərəvəzlə qidalanırdılar. Üstəlik, fiziki əməklə məşğul olmaq, yəni daim çalışmaq, hərəkət etmək insanların ömrünün uzun çəkməsinə təsir edən amillərdən idi. Sözsüz ki, burada gen faktorunu da unutmaq lazım deyil". Çingiz Qasımov indiyədək bilmədiyimiz maraqlı bir məqamı açıqladı. Belə ki, o, Azərbaycanın hər yerində tədqiqatlar aparıb və belə nəticəyə gəlib ki, Azərbaycanın şimal-qərbi və cənub regionunda insanların ömrü daha uzun olur. Sözlərinə bir az da aydınlıq gətirən mütəxəssis dedi ki, Böyük Qafqazda yaşayanların ömrü çox da uzun olmur. Lakin Kiçik Qafqaz, Talış dağlarında yaşayan insanlar həqiqətən də uzunömürlülükləri ilə seçilirlər. Bunun səbəbi isə daha çox geoloji faktorlarla izah edilməlidir. Çingiz Qasımov hətta misal olaraq Kəlbəcərdə 88-ci illərdə 125 yaşında bir babanın yaşadığını xatırlatdı. O kişi 125 yaşında olsa da, çox möhkəm və sağlam idi. Özü ovçu idi. Hətta çiynində pələnglə döyüşündən sonra onun caynaqlarının izi qalmışdı. O kişi üçün Moskvadan gəlmişdilər. Kişinin çiynində pələng caynaqlarının izi məni təəccübləndirdi. Məgər Azərbaycanda pələng var imiş? Sonradan öyrəndim ki, təxminən 20-ci illərdə Azərbaycanda Turan pələngi olubmuş. Deməli, zamanla hər şey dəyişib. Lakin sonradan 125 yaşlı babanı Bərdəyə gətirdilər, orada o çox yaşamadı, dünyasını dəyişdi. Diqqət yetirin, qərb tərəfdən gələn Bərdədə çox yaşaya bilməyib. Məsələn, sovet dövründə Ordubadda uzunömürlülərin sayı 105-dən aşağı olmazdı. Çingiz Qasımov bildirir ki, o vaxtki uzunömürlülər təbii qidalarla qidalanıblar, stressdən azad olublar, daim aktiv həyat tərzi keçiriblər. Dünyada gedən hadisələr barədə məlumatsız olublar. Bu isə onların stressdən kənar qalmasına səbəb olub. Lakin Bakıətrafı ərazilərdə, Abşeronla bağlı bunu demək olmaz. Məsələn, Məştağa qəsəbəsində uzunömürlü yoxdur, Balaxanıda da tapmaq olmaz, üstəlik orada olan zibillik də öz təsirini göstərir. Çingiz Qasımov bu vaxta qədər 160 il yaşadığı deyilən Şirəli babanın da həqiqətə uyğun olmadığını söylədi. Ümumiyyətlə, Azərbaycanda bu yaşadək heç kim yaşamayıb. Ən uzunömürlü 125 il yaşayıb. Şirəli baba isə sadəcə olaraq Sovet hökumətinin uydurmaları olub. Lerikdəki Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva da Azərbaycanın cənubunda yerləşən Lerikdə yaşı 100-dən çox 20-dən artıq uzunömürlünün yaşadığını deyib. İndi çoxsaylı ekoloji problemlər, qəbul edilən qidaların tərkibinin təmiz olmaması, həmçinin, gərginlik və stressin çoxalması insanların ömrünün qısalmasına gətirir. Rayonda vaxtı ikən 500 nəfərdən çox uzunömürlü insan yaşayıb. Muzeydə yaşı 100-dən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən, maraqlı məlumatlar, fotoşəkillər yer alıb. 40-dək fotoşəklin müəllifi fransız fotoqrafı Fredrik Laşop bu əsərlərini Parisdə təşkil etdiyi "Uzunömürlülər diyarına səyahət" sərgisində nümayiş etdirib.
OXŞAR XƏBƏRLƏR