Azərbaycanlıların Ermənistandan deportasiyasından 26 il keçir

Azərbaycanlıların Ermənistandan deportasiyasından 26 il keçir
Bütün Xəbərlər
14:54 26.12.2014
1718
Kütləvi deportasiya əməliyyatı zamanı 1 milyon 500 000-dən çox azərbaycanlı tarixi torpaqlarından qovulub
1988-ci ildə "türksüz Ermənistan" siyasəti planlı şəkildə həyata keçirilməyə başlanılıb. Ermənistan hökuməti, "Qarabağ" və "Krunk" komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri tərəfindən SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törədilib.
Dekabrın soyuq qış günləri azərbaycanlıların indiki Ermənistan (Qərbi Azərbaycan) ərazisindən deportasiyasından 26 il keçir. Sonuncu deportasiya zamanı 8 min kvadrat kilometr ərazidə (172 yaşayış məntəqəsi) yaşayan soydaşlarımız dədə-baba yurdlarından zorla çıxarılıblar.
26 il bundan əvvəl 1988-ci ilin qarlı dekabr günlərində Ermənistan ərazisində yaşayan 250 mindən çox azərbaycanlı zor tətbiq edilərək əzəli yaşadıqları yurd-yuvalarından deportasiya olunublar.
Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılılıb, 250 mindən artıq azərbaycanlı öz ev-eşiyindən zorla qovulub, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donub, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilib, 35 nəfər işgəncələrlə qətlə yetirilib, 115 nəfər yandırılıb, 16-sı güllələnib, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölüb, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülüb, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilib,2 nəfərin diri-diri başı kəsilib, 11 nəfər diri-diri yandırılıb, 2 nəfərin isə öldürüldükdən sonra cəsədi odda yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranılıb, 29 nəfər maşın təkərləri altında qoyulub, 1 nəfər elektrik cərəyanına qoşularaq öldürülüb, 1 nəfər özünü öldürüb, 10 nəfər infarktdan ölüb, 8 nəfər itkin düşüb. Öldürülənlərin 57-i qadın, 23-ü isə uşaqdır.
İndiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya prosesinin tarixi 1820-1988-ci illəri əhatə edir.
Azərbaycan dövlətinin parçalanması nəticəsində - 1828-ci il İran və Rusiya arasında bağlanmış Gülüstan müqaviləsindən sonra indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar vaxtaşırı kütləvi deportasiyalara məruz qalıblar. 1820-ci ilədək indiki Ermənistan ərazisində olan 2300 yaşayış məntəqəsindən 2.000-də azərbaycanlılar yaşayıb.
XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər adlı - dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub.
Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəzlənib. Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib.
Eks-prezident Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları qoyulub.
Bütün bu hadisələr isə tarixən zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilənlərin davamı idi.
İran və Rusiya arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 1813-cü il Gülüstan və 1828-cü il Türkmənçay müqaviləsi imzalandıqdan sonra qədim Azərbaycan torpaqlarında bufer zona yaratmaq məqsədi ilə "erməni dövləti" qurmaq planı həyata keçirməyə başlanılıb. Bu məqsədlə İran və Türkiyə ərazisində yaşayan 300 minə qədər erməni XIX əsrin birinci yarısında Azərbaycana köçürülüb və İrəvan, Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər ərazilərdə yerləşdirilib.
Lakin ermənilərin Azərbaycan ərazilərinə köçürülmələrinə baxmayaraq, azərbaycanlılar bu ərazilərdə sayca ermənilərdən üstünlük təşkil edib. 1886-cı ildə Gəncə quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən yalnız 81-i erməni kəndi olub. İrəvan qəzasında əhalinin 66 %-i azərbaycanlı, 34 %-i isə ermənilərdən ibarət idi. Sözügedən ərazilərdə ermənilərin çoxluq təşkil etməsi üçün azərbaycanlılara qarşı soyqırım siyasəti aparılıb. Bu niyyəti reallaşdırmaq üçünsə ermənilər çar Rusiyası tərəfindən silahlandırılıb, hərbi dəstələr yaradılıb.
İndiki Ermənistan və Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların kütləvi çıxarılması, dinc əhaliyə qarşı zorakılıq, vəhşiliklər Rusiya hökumətinin himayəsi və köməyi ilə XX əsrin əvvəllərində - 1905-1907-ci illərdə xüsusi vüsət alıb.
Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində yüzlərlə kənd yandırılıb, əhali uşaqdan böyüyə qədər amansızcasına qətlə yetirilib.
1918-1920-ci il mart soyqırımında 25 000 azərbaycanlı qətlə yetirilib
1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərib. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaradıblar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlayıb. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda "Daşnaksutyun" partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak edib.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetiriblər. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıb: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmış idi. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər".
XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, öz ev-eşiyindən zorla qovulub.
Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyiti tapılıb. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin bir çox yerlərində öncədən pulemyotlar yerləşdiriblər.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill "İnsanlar belə imişlər" adlı kitab yazıb. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı 25 000 azərbaycanlının qətlə yetirildiyini bildirib.
Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmayıb. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilib.
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulub.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.
1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib.
Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb, 50000 azərbaycanlı qaçqın düşüb.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər yerlə-yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib. (ADR hökuməti, Fövqəladə İstintaq Komissiyasının materiallarından)
1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilib.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası
1943-cü il Tehran konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporu SSRİ Xarici İşlər naziri V.Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş edib. Molotov Tehranda məsələni SSRİ KP MK-nın sədri İ.Stalinə çatdırır və ermənilərin köçürülməsinə razılıq verilir. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutyunov bundan istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olur.
1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır.
Stalin tərəfindən 1948-1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ermənilərin xüsusilə diqqət mərkəzində saxladıqları məsələ iqtisadi, sosial və mənəvi cəhətdən güclü, strateji əhəmiyyətli azərbaycanlı yaşayış məntəqələrinin boşaldılması idi. Bu səbəbdən ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənib, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülüb. Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışıb. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülüb, on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınıb.
Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmayıb. Əksinə, "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilib və daxili köçürmə adı ilə 1949-cu ildə Dağlıq Qarabağdan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülüb.
Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilib. 1947-1953-cü illərdə azərbaycanlılar yaşayan 60 məntəqənin adı dəyişdirilib. Ümumiyyətlə,1921-1988-ci illərdə Ermənistanda yüzlərlə türk mənşəli yaşayış məskəninin adı dəyişdirilib.
Deportasiya zamanı ermənilərin həyata keçirdikləri hiyləgərlik isə ondan ibarət idi ki, rayon və şəhərlərin əhalisi az sayda azərbaycanlı qalmaq şərti ilə köçürülüb. Azlıqda qalan əhali isə növbəti mərhələdə - Ermənistan ərazisinin tamamilə azərbaycanlılardan "təmizlənməsi" əməliyyatı zamanı ölkədən çıxarılıb.
Orxan
OXŞAR XƏBƏRLƏR