‘Azərsu’ 274 nəfərin maaşının verilməməsinə aydınlıq gətirdi - AÇIQLAMA

‘Azərsu’ 274 nəfərin maaşının verilməməsinə aydınlıq gətirdi -  AÇIQLAMA
Bütün Xəbərlər
16:00 30.05.2014
1641

“Mən özüm də aprelin maaşını mayda almışam”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı bu gün portalımıza müraciət edən və maaşlarını ala bilmədiklərini söyləyən işçilərin iddialarına cavab olaraq söyləyib. 

O, 3 rayonda çalışan “Azərsu” əməkdaşlarının bəzilərinin maaşlarında gecikmələrin olduğunu təsdiqləyib və bunun “Azərsu”dan asılı olmayan səbəbləri olduğunu deyib:

“Xətai, Nərimanov, Suraxanı rayonlarında çalışan bəzi işçilərin maaşlarında gecikmələr müşahidə olunur. Bu isə “Azərsu”ya borcu olan qurumların vaxtında ödəmələr etməməsi ilə bağlıdır. Ona görə də bizim büdcədə də müəyyən problemlər yaşanır. “Azərsu”nun əlində olan imkanlar müxtəlif təmirlərin həyata keçirilməsinə və yeni işlərin görülməsinə xərclənir. Bu gün “Azərsu”da 12 mindən çox işçi işləyir və onların 11 mini demək olar ki maaşlarını vaxtında alıblar. Mən özüm də aprelin maaşını mayda almışam. Burada problemli bir şey yoxdur. Hər kəsin maaşı veriləcək”.

Xatırladaq ki, bu gün AZXEBER.COM-a göndərilən məktubda “Azərsu”da işləyən və adının açıqlanmasını istəməyən oxucu, 274 işçinin aprel ayındakı maaşlarının hələ də verilmədiyini yazmışdı. İşçinin sözlərinə görə, rəhbərlik onlara “pul yoxdur” deyərək kifayətlənir və heç bir əlavə tədbir görmək istəmir:

“Mən Azərsuda çalışıram. İki uşaq atasıyam. Maaşım isə 360 AZN-dir. Sizə bildirmək istəyirəm ki, aprel ayından bu günə kimi hələ biz maaş ala bilməmişik. Çalışdığım şöbənin adını və öz adımı gizli saxlayıram. Çünki məni işdən çıxardandan sonra başqa işçiləri də işdən çıxarda bilərlər. Hazırda 274 nəfər aprel ayından bu günə kimi maaş almır. Aramızda 206 manatla dolanan fəhlələr də var. Onların da əməkhaqları gecikdirilib. Hamımız çıxılmaz vəziyyətdəyik…”

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR