'Azərsu' ilə 'AzerYolServis'in 'müharibə'si sakinləri susuz qoyub

Bütün Xəbərlər
15:40 06.09.2012
2109

250 ailəni günlərdir susuz qoyan Sahil adlı şəxs bütün günahı “Azərsu”nun üzərinə atır, “Azərsu” isə AzərYolServisi qınadı Ötən gün Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Naxçıvani küçəsi 4B, 1A, 2A və 4A binalarının sakinləri “Mərkəz”ə müraciət edərək, 3 gündür ki, sularının gəlməməsindən şikayətləndilər. Sakinlərin dediklərinə görə, adi günlərdə su gündə iki dəfə – səhər saat 08:30-da 1 saat və axşam saat 20:30-da 1 saat olaraq, qrafiklə verilir. Bu qrafik artıq illərdir ki, belədir. Bakının mərkəzi sayılmasına baxmayaraq, həmin binalara su qrafiklə verilir. Amma yenə də bu qrafikə vaxtı-vaxtında əməl olunsa, dərd yarı. Məsələ burasındadır ki, həmin 4 binaya suyu verən şəxs elə həmin məhəllədə yaşayan Sahil adlı şəxsdir. Bina sakinlərinin sözlərinə görə, tüfeyli həyat tərzi sürən, əyyaşlıqla məşğul olan və ailəsi dağıldıqdan sonra küçələrdə gecələyən Sahil adlı şəxs kefi istəyəndə suyu vurur, kefi istəməyəndə isə 250 ailəni susuz qoyur. Necə deyərlər, təqribən 1000 nəfər əhali bir Sahilin əlində girinc qalıb.

“5 manat verin, istədiyiniz vaxt suyu verim!”

Bundan başqa, Sahil qanuni işindən aldığı məvacibdən başqa, məhəllədə özünün qanunlarını da icad edib. Belə ki, istənilən vaxtı suyu vurmaq və saatlarla su verilməsini təmin etmək imkanı da var, amma “əliniz cibinizdə olsun”, – Sahil belə qayda qoyub sakinlər arasında. Odur ki, ölüsü ölən kim, xeyir işi düşən kim, bir sözlə hamı gərək əvvəlcədən Sahili “görsün”. Qiymət suyun verilmə saatından asılı olaraq, 2-5 manat arasında dəyişir. Gecənin ortasında suyun verilməsi isə “ekstra xidmət” olduğundan 10 manata başa gəlir. Sakinlər bucür həyat tərzindən bezib, dərdlərini Azərsu ASC-ə bildirsələr də, dərdlərinə çarə tapılmır ki, tapılmır. Odur ki, “Mərkəz”ə müraciət edən bina sakinlərinin şikayətini yerindəcə araşdırmaq üçün adıçəkilən məhəlləyə yollandıq. Böyük həyəti olan və 4 binadan ibarət bu məhəllədə 220 ailənin yaşadığını öyrəndik. Biz məhləyə daxil olanda bina sakinlərinin əllərində 2-3 vedrə ilə su daşıdığının şahidi olduq. Binanın girişində isə qeyri-qanuni fəaliyyət göstərən “moykalar”ı gördük. Amma bu avtomobil yuma məntəqələrində həyat öz axarı ilə gedirdi. Maşın yuduzdurmağa gələnlər hətta növbəyə də düzülmüşdülər. Su da ki, bol idi. Çox maraqlı mənzərənin şahidi olduq. Ətrafda “moykalar”ın bəh-bəhlə fəaliyyət göstərdiyi və külli miqdarda suyu boşuna küçələrə axıtdığı bir an bina sakinləri əllərində vedrələr, çəlləklər su axtarışına çıxmışdılar. Hətta bəzi sakinlər həmin “moykalar”a yaxınlaşıb 50 qəpik – 1 manat qarşılığında su da alırdılar. Və bütün bunlar 06 Sentyabr 2012-ci il tarixində Bakının mərkəzi küçələrində baş verirdi.

Bina sakinləri ilə söhbət zamanı hamı bir ağızdan suyun vaxtı-vaxtında gəlməməsindən şikayətləndi. Dəfələrlə Azərsu ASC-nin Binəqədi şöbəsinə şikayət etsələr də, problem köklü surətdə öz həllini tapmır. Ətrafdakı digər binalarda, şadlıq evlərində isə su nəinki qrafiklə, 24 saat gəlir. Məsələ ilə bağlı Azərsu QSC-nin “Qaynar Xətti”nə – 955 nömrəsinə müraciət etdik. Zəngimizə cavab verən operator xanım əvvəlcə gülünc bir səbəb göstərdi: Həmin binalardakı mənzillərə sayğac quraşdırıldığından su verilməsi dayandırılıb. Sakinlərdən soruşduq. Dedilər sayğaclar neçə ildir ki, quraşdırılıb və hər ay da suyun pulunu verirlər. Bir də 955 Qaynar Xətt nömrəsinə zəng etdik, bu dəfə isə başqa bir xanım dəstəyi götürdü və bildirdi ki, həmin binaya gələn su xətlərində qəza baş verib və hazırda təmir gedir. Su isə 3 gün deyil, sadəcə 1 gündür verilmir. Daha dəqiq məlumat almaq üçün isə Azərsu ASC-nin Binəqədi şöbəsinə müraciət etməyimizi məsləhət gördülər.

Azərsu ASC-nin Binəqədi şöbəsinin Operativ Xidmət Şöbəsinin müdiri Yavər Gülalıyevlə əlaqə saxladıq. Yavər bəy həmin binalara suyun verilməsinin 24 saat ərzində bərpa ediləcəyini bildirdi və bizi şöbənin rəisi Nemət İbrahimovla calaşdırdı. Nemət bəy isə sakinlərin dediklərinin həqiqət olmadığını və həmin binalara 3 gün deyil, 1 gün ərzində suyun verilməməsini dedi: “Həmin binadakı sakinlər bizə bugün müraciət ediblər. Biz də məsələ ilə məşğul oluruq. Həmin binalara gələn su xətlərində partlayış olub, sadəcə “AzərYolServis” bizə icazə vermirdi asfalt örtüyünü qazmağa. Bugün o icazəni aldıq və bir-neçə dəqiqədən sonra qazıntı işlərinə başlayacaq və su xətlərini təmir edəcəyik”.

250 ilə yalan danışır?!

Həmin 4 binanın ətrafındakı “moykalar”ın, şadlıq saraylarının və digər özəl binaların su təchizatında problem yaşanmamasının səbəbini isə Nemət İbrahimov xətlərin ayrı-ayrı olması ilə əlaqələndirdi: “Bilirsiniz, həmin 4 binanın su xətləri tamam başqadır və qəza da həmin xətlərdə baş verib. Biz o binalara hər gün iki dəfə, 2 saat olmaqla su veririk. Sakinlər düz demirlər. Hər gün su verilir, problem isə bugün yaranıb”.

Məhəlləyə su vuran Sahil adlı şəxs barədə soruşduqda isə Nemət İbrahimov yenə sakinlərin dediklərini təkzib etdi və belə bir şeyin olmadığını deyərək dəstəyi asdı.

Fakt isə ondan ibarətdir ki, 250 ailə bir ağızdan yalan danışa bilməz, amma Azərsu ASC-nin Binəqədi şöbəsinin məsul şəxsləri öz vəzifə borclarını layiqincə yerinə yetirmədiyinə görə, 1000 nəfərlik bir məhəllənin şikayətini sadəcə “düz demirlər” deməklə yalana çıxardı. Ortalıqda olan isə odur ki, həmin 1000 nəfər bir Sahil adlı şəxsin əlində girinc qalıblar. Hətta sakinlərin bəziləri Sahili “yezid” deyə adlandırdılar. Bütün günü sərxoş halda olan bu şəxsin 1000 nəfərlik məhəlləni barmağına sarıması ən azından ədalətsizlikdir, heç olmasa, bu vəzifəyə daha intizamlı və mədəni adamı təyin etmək olmazmı, hörmətli Azərsu?!

“Motor yanıb, su yığın!”

Sakinlərdən bir də onu öyrəndik ki, Sahil adlı şəxs hər ay motor adıyla, su ehtiyat çənlərini təmizləmək adıyla sakinlərdən 2-3 manat pul toplayır. Suya möhtac sakinlər isə bu pulu verməkdən başqa çıxış yolları görmürlər. Maraqlıdır, əhalinin hər ay ödədiyi qanuni su pulu nə üçündür bəs? Bu pul dövlətin büdcəsinə gedib, oradan motor, çənlərin təmizlənməsi və bu kimi digər xərclərə sərf olunmurmu?! Əgər sərf olunursa, o zaman Sahil adlı şəxsin bu özbaşınalığı nə zamana qədər sürəcək?! Bu işlə birbaşa Azərsu ASC məşğul olmalıdır, çünki Sahil topladığı bütün “vergiləri” məhz Azərsu ASC üçün yığdığını deyir.

“Mərkəz”

OXŞAR XƏBƏRLƏR