Hesablama Palatası məlumat yaydı.
Hesablama Platası “Azərsu” ASC ayrılan kreditlərin istifadəsi ilə bağlı yoxlama aparıb.
Bu barədə Palatadan AZXEBER.COM-a bildirilib.
Məlumata görə, auditor C.Həsənov “Azərsu” ASC-nin Nizamnaməsində onun səhmlərinin dövlət mülkiyyətində saxlanıldığı dövrdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid məsələlərin həllinin qanunvericiliyə uyğun olaraq müvafiq qaydada hansı dövlət orqanları tərəfindən həyata keçirilməsinin tənzimlənmədiyini, İdarə Heyəti haqqında Əsasnamənin qəbul edilmədiyini diqqətə çatdırıb.
Auditor kredit vəsaitindən istifadənin geçikməsi nəticəsində kreditin 5,5 il ərzində cəmi 21,2%-i istifadə olunduğunu, müqavilənin icra müddətinin uzadılması və bəzi xidmətlər üzrə əlavə vəsaitin məbləğinin Azərbaycan hökumətinin payı hesabına maliyyələşdiriləcək müvafiq hissəsinin artmasına şərait yaratdığını bildirib.
Auditor layihələr üzrə investisiya təkliflərinin dəqiq hesablamalarla əsaslandırılmaması və nəzərdə tutulmuş icra qrafiklərinə riayət edilməməsi səbəbindən müvafiq illər üzrə ilkin olaraq dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsaitin məbləğinin dəfələrlə dəyişdirildiyini, layihələr üzrə tikinti-quraşdırma işlərinin ehtimal olunan dəyəri müəyyən edilərkən Azərbaycan ərazisində mövcud olan qiymətlərdən fərqli qiymətlərin tətbiq edildiyini qeyd edib.
Həmçinin layihə-smeta sənədlərinin vaxtında hazırlanmaması və tikinti işləri üzrə layihələrə edilən dəyişikliklərin ayrılan vəsaitlərdən səmərəli istifadə olunması üçün qeyri-münbit şərait yaratdığını, nəticədə bəzi hallarda podratçılara artıq vəsait ödənildiyini nəzərə çatdırıb.
C. Həsənov nəql borusuna müvəqqəti qoşulmalar və razılaşdırılmamış dəyişikliklərin bir sıra hallarda nəql borularının əsaslı səbəb olmadan zədələnməsinə, ümumilikdə bütöv sistemlərin funksionallığının risklərlə müşahidə olunmasına və layihələr üzrə əhalinin 24 saatlıq davamlı su təchizatı və kanalizasiya sistemləri ilə təmin olunmasına neqativ təsir etməsinə gətirib çıxardığını qeyd edib.
Eyni zamanda bütün bunların layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılmaması və davam etdirilməsinin, obyektlərin istifadəyə verilməməsinin isə nəzərdə tutulmuş digər son hədəf göstəricilərinə (xidmət göstərilən və ya əhatə olunan əhalinin faizi, çirkab suların emal edilərək Xəzər dənizinə, kanal və ya çaylara axıdılması kimi göstəricilər) nail olunması səviyyəsinin qiymətləndirilməsinə imkan vermədiyini söyləyib.