Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin edilməsindən sonra “Azəryolservis” ASC-da köklü islahatlara başlanılıb.
Hazırda “Azəryolservis” ASC sədrinin kim olacağı müəyyənləşməsə də, hazırda bu quruma müvəqqəti olaraq Bakı 1 saylı Yol İstismarı İdarəsinin rəisi Saleh Məmmədov rəhbərlik edir.
AZXEBER.COM Editor.az-a istinadən verdiyi xəbərə görə, qurumun sədr əvəzi Saleh Məmmədov artıq indidən “Azəryolservis”də ciddi islahatlara başlayıb.
ASC-nin bir çox vəzifəli şəxslərinə xəbərdarlıq olunduğu, qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Pünhan Mürsəliyevin yaxın günlərdə vəzifədən azad olunacağı gözlənilir.
Mənbəmiz bildirir ki, ASC sözçüsünün mətbuata qapalı fəaliyyəti, ictimai rəylə hesablaşmaması qurumun sədr əvəzi Saleh Məmmədovun hiddətinə səbəb olub və o, mətbuat katibinə “Şələ-şüləni yığışdır, get” mesajını verməyi də unutmayıb.
Əli hər yerdən üzülən Pünhan Mürsəliyevin kömək üçün Cavid Qurbanova müraciət etdiyi, “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədrinin “Mən Nadir Əzməmmədovla işləyəcəm, sənə ehtiyacım yoxdur” şəklində qarşılıq verdiyi bildirilir.
Editor.az-ın əməkdaşı məsələyə Pünhan Mürsəliyevin özündən münasibət öyrənmək istəsə də, onsuz da mətbuatdan qaçaq düşən mətbuat katibi ilə əlaqə yaratmaq cəhdlərimiz nəticə verməyib.