Əzizov hadisə baş verəndə içkili olduğunu deyib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən İsa Əzizovun apellyasiya şikayətinə baxılıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Qeyd olunub ki, 1992-ci ildə Şərur rayonunda anadan olan, hazırda Bakıda yaşayan Əzizov İsa Nadir oğlu İqtisadiyyat Universitetinin tələbəsidir.
İsa Əzizov 2012-ci ildə quldurluq cinayətinə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, bu cəzadan vaxtından əvvəl azad olunub.
Məhkəmədə o da bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsində əsasən təqsirləndirilən İ. Əzizov vəkildən imtina edib və özü-özünü müdafiə edəcəyini bildirib.
O, apellyasiya şikayətində təhsil aldığını əsas gətirərək cəzadan azad olunmasını xahiş edib.
Prosesdə çıxış edən İ. Əzizov özünü təqsirli bildiyini, peşman olduğunu açıqlayıb. İ. Əzizov hadisə baş verəndə içkili olduğunu, onu düz anlamadıqlarını deyib.
O, həmçinin Meksikada olması haqda yayılan məlumatların yalan olduğunu, heç vaxt bu ölkədə olmadığını bildirib.
Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra qərar elan edilib. Qərara görə, onun apellyasiya şikayəti təmin edilməyib.