Baba Vəziroğlu “Məhsəti” filmi haqda danışdı: Müəllif öz fantaziyalarını…

Baba Vəziroğlu “Məhsəti” filmi haqda danışdı: Müəllif öz fantaziyalarını…
ÖZƏL
13:27 10.12.2025
693
"Müəyyən qrup insanlar var ki, sensasiyalı fikirlərlə gündəmə gəlmək niyyətindədirlər, Məhsətinin adından istifadə edərək məşhurlaşmaq istəyirlər. Normal sənət əsəri ilə məşhurlaşmaq və gündəmə gəlmək imkanları yoxdur, ona görə bu yollara əl atırlar”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. 

O bildirib ki, bədii əsərdə  müəllifdən heç kəs tarixi fakt tələb edə bilməz:

"Bədii əsərdə müəllifdən heç kəs tarixi fakt tələb edə bilməz. Müəllifin öz təxəyyülü, fantaziyası ilə əsər yaradılır. Məsələn, "Nəsimi” filmində səslənən sözlərin heç biri Nəsimiyə aid deyil. Amma İsa Hüseynov bədii prizmasından yanaşaraq belə əsər yaradıb. O deyib ki, dünyada iki cür insan var: kamil və cahil insan. Bütün bunlar İsa Hüseynovun sözləridir. Bu yanaşma ilə Nəsimiyə hörmət göstərilmişdir. Nəsimini alçaltmaq və ya yanlış göstərmək niyyəti olmayıb”.

Xalq şairi vurğulayıb ki, bədii əsərdə əsas məsələ qəhrəmanın kim olmasıdır:

"Suad Qarayeva "Məhsəti” qısametrajlı filmində "X” şəxsdən obraz yaratsa idi, cəmiyyət onu normal qəbul edərdi. Deyərdik ki, həyatda bu cür qadınlar da var. Ancaq burada söhbət min il əvvəl bizə böyük ədəbi sərvət qoyub getmiş bir şəxsiyyətdən gedir. Məhsəti bizim üçün müqəddəs olan bir şəhərin, yəni Gəncənin adını daşıyan bir xanımdır.

Min ildən sonra Suad xanımın belə öz ulu nənəsinin (Məhsətinin) yatağını çək-çevir etməyə nə ehtiyac var? Müəllif niyə öz bədii yozumunu məhz  Məhsəti Gəncəviyə aid etməli idi? Əgər konkret insanla danışırsansa, onu ifşa etmək istəyirsənsə, bunu faktlarla isbat etməlisən. Belə faktor isə Məhsətidə mövcud deyil”.

B.Vəziroğlu qeyd edib ki, son vaxtlar qəhrəmanlarımızı təftiş etmək tendensiya artıb:

"Ümumiyyətlə, qəhrəmanlarımızı niyə təftiş etməliyik? Son vaxtlar bu tendensiya artıb. Məsələn, Koroğluya avara, quldur deyirik. Qaçaq Nəbiyə deyirik ki, talançı olub, caamata zülm edib. Başqa qəhrəmanlar haqqında da bu cür ifadələr işlədilir. Kim müəllifləri buna məcbur edir ki, yaddaşımızda betonlaşmış qəhrəman obrazlarını dəyişdirsinlər, onların şəxsiyyətini alçaltsınlar? Mən inanmıram ki, kimsə həmin xanıma məcburiyyət tətbiq edib bunu yazdırıb. Sadəcə, müəyyən qrup insanlar var ki, sensasiyalı fikirlərlə gündəmə gəlmək istəyirlər. Ən dəhşətlisi isə bir xanımın digər azərbaycanlı qadını bu cür görməsidir. Xanım öz millətindən olan birinə, həmcinsinə bu cür həqarətlə yanaşmaz”.

Xalq şairi əlavə edib ki, bu məsələni Əbülfəz Qarayevlə bağlamaq düzgün deyil:
 
"Suad xanım özü müstəqil bir şəxsdir. Stalinin yaxşı bir sözü var: "Oğullar atalar üçün cavabdeh deyil”. Əbülfəz Qarayevi mədəniyyət sahəsində buraxdığı nöksanlara görə qınamaq olar. Amma sözügedən məsələyə görə onu qınaq obyektinə çevirmək insafsızlıqdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR