Bağça müəllimləri üçün hazırlıq imtahanı keçiriləcək

Bağça müəllimləri üçün hazırlıq imtahanı keçiriləcək
SOSİAL
13:01 23.11.2026
23
Noyabrın 24-də dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlər üçün sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları təşkil olunacaq.

AZXEBER.COM xəbər verir ki, imtahan "Microsoft Teams” platforması üzərindən onlayn keçiriləcək. Proses saat 15:00-da başlayacaq və iştirak üçün növbəti 24 saat ərzində imkan yaradılacaq.

120 dəqiqə davam edəcək sınaq imtahanında namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar məktəbəqədər təhsilin məzmunu və metodikası, uşaq və yaş psixologiyası istiqamətlərini əhatə edəcək.

İmtahan zamanı səhv cavablar yekun nəticəyə təsir göstərməyəcək. Hər bir namizədə sınaq imtahanında yalnız bir dəfə iştirak etmək imkanı veriləcək.

Sualların əhatə etdiyi sahələr və mövzularla bağlı ətraflı məlumat "Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirilmə çərçivəsi” sənədində yer alıb.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını obyektiv qiymətləndirməkdir.
 
Günel
OXŞAR XƏBƏRLƏR