Badamdardakı fahişəxanalar yenidən fəaliyyətə başladı

Badamdardakı fahişəxanalar yenidən fəaliyyətə başladı
Bütün Xəbərlər
11:45 27.09.2011
7202
Kafelər yüksək rütbəli polis zabitlərinin himayəsindədir?
Sentyabrın 21-də Badamdar qəsəbəsi ayağa qalxıb. Bu barədə “Azadlıq” qəzeti məlumat yayıb. Həmin gün 1500 nəfərə qədər qəsəbə sakini yığışıb ərazidə kafe və restoran adı altında fahişəxana kimi fəaliyyət göstərən pritonlara hücum çəkib və həmin obyektlərin bağlanmasını istəyib. Əraziyə Səbail rayon Polis İdarəısinin 8-ci polis bölməsinin əməkdaşları gəlsələr də sakinləri sakitləşdirmək mümkün olmayıb. Nəhayət ki, polis rəisi özü əraziyə gəlib sakinlərin tələblərinin yerinə yetiriləcəyinə söz verib. Yalnız bundan sonra 2 saatdan artıq davam edən etiraz aksiyası dağılıb. 
Hadisədən bir gün sonra, yəni sentyabrın 22-də hadisə yerində olduq. Aldığımız məlumata görə, bir gün əvvəl sakinlər həmin kafeləri darmadağın ediblər. Kafelərin reklam lövhələri dağıdılıb, oradakı fahişələr kafelərdən qovulub və sair. Təsəvvür edirdim ki, ərazi tör-töküntü vəziyyətində olacaq, işləməyəcək və sair. Amma təsəvvür elədiklərim elə təsəvvür kimi də qaldı. Əvvəlcə ərazidə kafeləri axtarmağa başladım. Amma dağılmış, bağlanmış kafe görmədim. Nəhayət, soraqlaşa-soraqlaşa həmin kafeləri tapdım, amma... Kafelər nəinki bağlanmamışdı, dağılan reklamlar da təzələri ilə əvəzlənmişdi. Fahişə yuvası kimi fəaliyyət göstərən “Şəbnəm”, “NZS” və sair kafelər yenə də fəaliyyətini davam etdirirdi. Xatırladım ki, bir neçə kafe yalnız adlarını dəyişmişdi. Yəni, reklam lövhələri dağıdıldığından onlar iz azdırmaq üçün kafelərə yeni adlar yazdırmamışdılar. Amma fəaliyyətləri yenə də davam edirdi. Özlərini elə göstərirdilər ki, sanki burda heç nə olmayıb. 
 
Sakinlər: “Qız-gəlinlər evdə dustağa çevrilib” 
 İlk əvvəl yaxınlıqdakı bina sakinləri ilə görüşdüm. Qəsəbə sakinləri bildirdilər ki, adıçəkilən kafelər əhalini boğaza yığıb. Onların sözlərinə görə hava qaralanddan sonra ailə üzvlərindən heç kim küçəyə çıxa bilmir. Vəziyyət o həddə çatıb ki, artıq həmin ərazidə yaşayan ailələrə qonaq gələn yaxınları da onlara gündüz gəlib, gündüz də qayıdır. Axşama qalmırlar ki, məhəllədə, küçədə, binanın tinində və sair yerlərdə əxlaqsızlarla üzbəüz gələcəklər: “Artıq rüsvay olmuşuq. Evdən küçəyə çıxa bilmirik. Qız-gəlinlərimiz axşamlar binanın həyətinə çıxa bilmir. Bir ildir ki evimizdə ailəmiz dustağa çevrilib. Nə ailəmiz küçəyə, həyətə çıxa bilir, nə uşağımız. Yayın istisində onların dərdindən evdə oturublar. Belə biabırçılığın bir sonu olmalı idi axır ki oldu. İş o həddə çatmışdı ki, artıq evimizin pəncərəsinin qarşısında əxlaqsızlıq edirdilər. Sakinlər nəhayət ki dözmədi və ayağa qalxdı”.  
 
Səbail polisinin fahişələri tutmaq ixtiyarı yoxdur?  
Sakinlər deyirlər ki, bu biabırçılıqla bağlı dəfələrlə polisə müraciət edib. Amma heç kim bu məsələyə müdaxilə edib bu biabırçılığı aradan qaldırmayıb. Əksinə, polis çox qəribə və gülünc variantla canını məsuliyyətdən qurtara bilib: “Bu bir il ərzində dəfələrlə 8-ci polis bölməsinə şikayət etmişik. Sahə müvəkkili gecə saat 3-də gəlib bizi evimizdə yuxudan oyadıb izahatlar alıb gedib, amma bu günə qədər heç bir tədbir görməyiblər. Bilirsiniz, nə deyiblər, Polis bizə deyir ki, prezidentin tapşırığı var ki, sahibkarlığa mane olmayaq. Onlar da sahibkarlıqla məşğuldular, biz girişə bilmirik. Bu biabırçı cavab Azərbaycan polisinə yaraşırmı? Deməli, sahibkarlıq adı ilə hərə bir yerdə fahişəxana açacaq, qız satacaq, əxlaqsızlıq edəcək, camaat da buna dözəcək. Bu qədər mənəviyyatsızlıq olmaz axı, bəsdir bu milləti aldatdılar. Bəs Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi nə işlə məşğuldur? Niyə bir tədbir görmür? Polis bölməsinin gücü çatmırsa, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə məlumat versin, onlar gəlib yığışdırsınlar. Polislər hər şikayətdən sonra gəlib bizdən icazə alıb gedirlər həmin kafelərdən rüşvət alıb çıxırlar. Problemi həll eləmək əvəzinə bizim şikayətlərimizlə pul qazanırlar. Polisin də gücü çatmır bu biabırçılığı yığışdırmağa”. 
 
Fahişəxanalar məscidin də işini iflic edib
Digər bir sakin isə bildirdi ki, bu il onların yaşadıqları binanın sakinləri Ramazan ayında oruc tuta bilməyib. Səbəb isə həmin kafelərdəki səs-küy, əxlaqsızlıqlar olub: “Yanımızda məscid var ki, binanın və digər məhəllənin sakinlərinin bir qismi orada namaz qılır və ya azan səsindən sonra evində namazını qılır. Bir ildir ki, həmin şəxslər də bu səs-küy və biabırçılıqdan məsciddən gələn azan səsini eşidə bilməyib, oruc tutmayıblar. Heç olmasa Ramazan ayında camaatın rahat yaşamasına şərait yaradaydılar. Onu da eləmədilər. Allah bunu götürməz. Kimsə evində namaz qılanda onun pəncərəsinin qarşısında iki əxlaqsız qadın deyib-gülür, söyüş söyür, əxlaqsız hərəkət edirlər. Badamdar qəsəbəsində son bir ildə onların yaratdıqları iyrənc mənzərə ölkənin heç bir yerində təkrarlanmayıb. Az qalırdılar ki, evimizin içinə gəlib girələr. Türkiyədə Ramazan bayramında adi əyləncə mərkəzləri fəaliyyətini dayandırır. Amma bizdə bunlar məscidin işləməsinə imkan vermir. Hamısı da polisə arxayındı ki, kimsə bir nəfər qeyrətli oğlan çıxıb onlara nəsə irad tutsun, onlar da həmin adamı şərləyib həbs etsinlər. Polisin gücünə arxayın olub hərəkət edirlər”. 
 
Polis kafedəki fahişələri evlərinə qovub
Sakinlər bildirdilər ki, axşamki hadisədən sonra bir neçə saat kafelər bağlı qalsa da, sonradan yenə fəaliyyətlərini bərpa ediblər. Sakinlər hətta daha biabırçı faktı aşkarladılar. Onların sözlərinə görə, sakinlər kafelərə hücum edəndə polislər əvvəlcə sakinləri dağıtmağa cəhd edib. Amma bütün Badamdar camaatının ayağa qalxdığını görəndə polislər özlərini itirib aksiyanı yalnız seyr edib. Ən biabırçı fakt isə odur ki sakinlər kafelərdəki əxlaqsız qadınları özləri aşkarlayıb polisə təhvil verib. Amma polis həmin fahişələri sərbəst buraxıb: “Biz kafelərə hücum elədik və hər kafedən 5-6 fahişə çıxardıq. Polis də bizimlə kafeyə daxil oldu. Amma onlar fahişələri saxlamaq əvəzinə onları kafedən qovdu. Məlum oldu ki, həmin kafedəkilər elə polislərin adamlarıdır. İnsan alverinə qarşı mübarizə aparan polis fahişəni bizdən təhvil alır, elə gözümüzün qarşısında da buraxır”. 
 
“Şəbnəm” kafesinin sahibi:  “Buranı polis bağlaya bilmir, sən kimsən?”
Sakinlərlə danışıb yollandıq həmin “bağlanan” kafelərə. Amma cəmi iki kafeni bağlı gördük, “Təranə” və Turan” kafeləri. Qalan kafelər hamısı olduğu kimi işləyirdilər. Adı dünən bağlananlar siyahısında olan “Şəbnəm” kafesinə daxil olanda məni işəridən çıxan ortaboylu, təxminən 55-60 yaşlı kişi qarşıladı. İlk sözü “Nə lazımdı” oldu. Kafedəki hadisə ilə bağlı gəldiyimi bilən kimi “Səhv gəlmisən ala, bağlanan kafelər “Təranə”, “Turan” və “NZS” kafeləridir dedi. Bildirəndə ki, polis bölməsinin rəisi “Şəbnəm” kafesinin də bağlandığı barədə məlumat verib, həmin kişi əsəbi halda “Ala, mənim kafemi heç kim bağlaya bilməz, başa düşdün? Burda qadın işçi yoxdu, mən buranı 88-ci ildən işlədirəm, onda heç sən anadan olmamışdın” deyib bizi kafedən çıxarmaq istədi. Kişini sakitləşdirmək istəyəndə və bildirəndə ki, “Şəbnəm” kafesilə bağlı məlumat yayılıb, artıq çıxış yolu qalmadı. Kafe sahibi birinci obyekt yiyəsinin burda olmadığını dedi. Amma sonra ilişdiyini görüb yeganə çıxış yolunu hay-küy salmaqda gördü və elə də elədi. Kişi elə hay-həşir saldıl ki, dedim bu dəqiqə bıçaq çıxarıb özünü doğrayacaq. Qorxudan kişini sakitləşdirməyə cəhd elədim, amma həmin şəxs dincəlmir, özünü ”lezvalayırdı”. 5 dəqiqə ərzində kişidən bir qışqırıq çıxdı ki, sanki bunu burda öldürürlər: “Sən mənə inanmırsan, deyirəm burda qız yoxdu, vəssalam, öldürmək istəyirsən məni, imkan verin yaşayım da. 4 dəfə insult keçirmişəm, xəstəyəm bu saat burda ürəyim dayanacaq, iki dəfə əməliyyat olunmuşam, imkan verin yaşayım da. Bir də deyirəm burda qadın işləməyib, işləməyəcək”. Elə kişi bu sözü demişdi ki, kafenin mətbəxindən iki cavan qadın çıxdı. Kişi dediyinin yalan çıxdığını görüb bir az da “lezva əməliyyatına” başladı. Məcbur olub həmin obyekti tərk etdik. 
 
Yüksək rütbəli polislərin fahişə yuvaları hələ işləyir
İkinci işləyən kafe isə “NZS” oldu. Bu kafe sakitcə işləyirdi, içəridə 6 nəfər var idi, 3 qadın, 3 kişi. Qadınlardan 1-i nisbətən yaşlı idi. Hiss olunurdu ki, bu qadın mətbəx işlərinə baxır. Kafeyə daxil olub salamlaşdıq və kafedə baş verən hadisə barədə maraqlandıq. Bildirdilər ki, guya biz səhv gəlmişik. Nə qədər cəhd etsək də dedilər ki, bu kafe normal fəaliyyət göstərir və burda heç bir problem olmayıb. Məcbur olub kafeni tərk edəndə isə sakinlər bildirdilər ki, həmin kafe də əxlaqsız yuvasıdır. Lakin yuxarıdan tapşırıq veriblər ki, bir-iki gün bura təmiz işləsin. Sakinlərin dediyinə görə, “Şəbnəm” və “NZS” ksfelərinin day-dayları güclü olduğundan buranı polis bağlaya bilməyib. Amma “Təranə” və “Turan” kafelərini polislər himayə etdiyindən ora bağlanıb. Qalan kafelər isə yüksək post tutan polis zabitlərinə məxsus olduğu üçün oraları heç kim bağlaya bilməyib. 
Bəli, bu gün də həmin kafelər işləyir, fəaliyyət göstərir və fahişəxana kimi işləyir. Arxalı obyekt sahibləri nə əhalini saya salır, nə də qanunları. Hərə öz kefindədir.  /Samir/Olaylar/
OXŞAR XƏBƏRLƏR