Bəzi insanlar sosial şəbəkələrdə gündəlik həyatlarını, hətta yediyi yeməkləri belə paylaşır.
Ekspertlər bildirir ki, bu, həm insanlara özünü ifadə etmək və sosial əlaqələr qurmaq imkanı verir, həm də psixoloji gərginlik yarada bilər.
Psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov AZXEBER.COM-a bildirib ki, gündəlik həyatını statuslarda paylaşan insanlara müxtəlif baxış bucaqlarından yanaşmaq lazımdır:
"Psixoloji nöqteyi-nəzərdən bu, ilk növbədə insanların ünsiyyət, emosional paylaşım və sosial bağlılıq ehtiyacından irəli gəlir. Müasir dövrdə sosial şəbəkələr insanlara özlərini ifadə etmək, gündəlik fəaliyyətlərini bölüşmək və başqaları ilə əlaqədə olmaq imkanı yaradır”.
Ekspert qeyd edib ki, statuslarda həyatın hər detalını paylaşmaq bəzi hallarda insanların diqqət mərkəzində olmağı və sosial təsdiq axtarma ehtiyacını göstərə bilər:
"Əlbəttə, bu, şəxsi seçimdir və insanın şəxsi sərhədlərinə hörmətlə yanaşmaq lazımdır. Əsas məsələ odur ki, paylaşım insanın şəxsi həyatına, təhlükəsizliyinə və sosial münasibətlərinə mənfi təsir göstərməsin”.
Psixoloq deyib ki, ümumilikdə belə davranış müasir informasiya cəmiyyətinin və yeni ünsiyyət formalarının bir hissəsi kimi qiymətləndirilə bilər:
"Bunu müsbət və ya mənfi hal kimi deyil, daha çox sosial-psixoloji bir reallıq kimi dəyərləndirmək doğru olardı”.
Şahanə Ziyad