Bahar Muradova: Qadınların ictimai-siyasi təmsilçiliyində müsbət dinamika var

Bahar Muradova: Qadınların ictimai-siyasi təmsilçiliyində müsbət dinamika var
SİYASƏT
10:34 24.11.2026
76
Azərbaycanda qadınların dövlət idarəçiliyində, ictimai-siyasi həyatda və müxtəlif sahələrdə təmsilçiliyinin yüksəlməsində müsbət dinamika müşahidə olunur.

AZXEBER.COM xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, insan hüquqlarına hörmət sosial ədalətin, bərabər imkanların, müxtəlif mədəniyyətlərə və inanclara tolerant münasibətin təmin olunması ilə sıx bağlıdır. Bu dəyərlərin qorunması və inkişafında qadınların təhsil, elm, iqtisadiyyat, dövlət idarəçiliyi və ictimai həyatda fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.

B.Muradova qeyd edib ki, Azərbaycanda qadınların maariflənməsi və hüquqlarının tanınması baxımından zəngin tarixi təcrübə mövcuddur. Şərqdə dünyəvi qız məktəbinin yaradılması və qadınlara seçki hüququnun verilməsi bu ənənənin mühüm nümunələrindəndir.

Komitə sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də qadınların ictimai fəallığının, təşəbbüskarlığının və liderlik imkanlarının genişləndirilməsinə, humanitar dəyərlərin təşviqinə yönəlib.

Onun sözlərinə görə, bu siyasətin nəticələri qadınların dövlət qulluğunda, yerli və milli səviyyəli seçkili orqanlarda, siyasi partiyalarda, vətəndaş cəmiyyəti institutlarında, məhkəmə-hüquq sistemində və mediada təmsilçiliyində özünü göstərir.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR