Bağırovun ‘avtoş’a təşəkkür etməsi

Bağırovun ‘avtoş’a təşəkkür etməsi
Bütün Xəbərlər
12:42 15.04.2013
1440

Sanka Ustyumski ötən əsrin ikinci yarısında SSRİ-nin ən məşhur kriminal avtoritetlərindən biri olub. Sağlığında bu adamla dəfələrlə görüşsəm də, heç vaxt onun əsl adını öyrənə bilmədim. Bildiyim bircə odur ki, Sanka Ustyumski Azərbaycanın ən tanınmış mədəniyyət xadimlərindən birinin oğludur. Tez-tez deyirdi ki, atasının adı hətta Azərbaycan Sovet Ensiklopediyasına da düşüb.

Ömrünün 40 ilini dəmir barmaqlıqlar arasında keçirən Sanka dayı maraqlı söhbətləri ilə həmişə məni özünə cəlb edib. Mən onu diqqətlə dinlədiyim üçün uzaq 50-ci illər haqda müəyyən təsəvvürlərə sahib ola bilmişəm. Sanka Ustyumski deyirdi ki, vaxtilə Azərbaycanda yalnız iki nəfərdə “Qaz-21” avtomobili olub. Bu maşınlardan biri dövrün birinci katibi Mir Cəfər Bağırova, digəri isə onun atasına xidmət edib. Atasının başı yaradıcılığa qarışanda Sanka onun avtomobilini oğurlayıb, dostları ilə birlikdə gəzintiyə çıxırmış. Sükanın arxasında kimin oturmasından asılı olmayaraq, qara “Volqa”nı görəndə, hamı baş əyirmiş.

Sanka Ustyumski bir dəfə içkili vəziyyətdə sükanın arxasına keçir. Dostları ilə birlikdə şəhərdə xeyli gəzdikdən sonra Xırdalana getməyə qərar verirlər. Sanka dostlarının təkidi ilə təxminən 200-300 metr irəlidə gedən avtomobili ötməyə qərar verir. O, sürəti daha da artırır və bir neçə saniyə sonra qara “Volqa”nı arxada qoyur. Bu vaxt Sankanın gözləri arxa oturacaqda əyləşmiş eynəkli kişiyə sataşır. Sanka gözlərinə inanmır...

Rəhmətlik Sanka dayı həmişə bu yerdə söhbətinə ara verirdi. O, gözlərini tavana zilləyib bir müddət fikrə gedir, sonra isə gülə-gülə deyirdi: “Arxada oturan kişi Mir Cəfər Bağırov idi. Nə qədər içkili olsam da, Bağırovu görən kimi ağlım başıma gəldi. Başa düşdüm ki, rəhbərin maşınını ötməklə çox böyük səhvə yol vermişəm. Dərhal sürəti azaldıb, maşını sağa verdim. Bir neçə saniyə sonra Bağırovun maşını gəlib yanımızdan keçdi. Qorxudan tir-tir əsdiyim üçün, həmin tərəfə baxa bilmirdim. Amma maraq güc gəldiyi üçün özümü saxlaya bilməyib, gözümün ucu ilə sol tərəfə nəzər saldım. Bu vaxt Mir Cəfər Bağırovun “Volqa”sı bizim maşını ötüb keçdi. Bağırov onun maşınına yol verdiyim üçün yanımızdan keçəndə başı ilə mənə təşəkkür etdi...”

Sanka dayı danışırdı ki, bu hadisə barədə uzun müddət atasına heç nə deməyib. O, atasının qəzəbinə tuş gəlməkdən qorxduğu üçün dostlarına da bu barədə danışmağı qadağan edib. Maraqlısı isə odur ki, Bağırov həbs olunan günə kimi Sanka dayı heç vaxt sükan arxasına keçməyib. Sonradan cinayət aləminə meyllənən Sanka Ustyumski qanunları tez-tez pozsa da, ömrünün sonuna kimi yol hərəkəti qaydalarına riayət edib...

OXŞAR XƏBƏRLƏR