Bakı "mavi"lərinə bəd xəbər

MARAQLI
10:42 17.01.2011
4498

Bakıda “mavi”lərin də kütləvi şəkildə toplaşmasına icazə verilmir. Onların park, meydan və ya yollarda bir yerdə yığışmasına məhdudiyyət qoyulub. Şəhərin mərkəzi küçələrində, bahalı otellərin önündə cinsi azlıqlara artıq xeyli müddətdir ki, rast gəlinmir. Onlar yalnız tək-tük hallarda fərdi qaydada “xidmət” göstərirlər.

Bu barədə redaksiyamıza hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən məlumat daxil olub. Mənbənin sözlərinə görə, cinsi azlıqların buna qədər rüsvayçı şəkildə paytaxt küçələrinə yayılması, onların açıq şəkildə fəaliyyət göstərməsi sakinlərin narazılığına səbəb olub. Hüquq-mühafizə orqanlarına bununla bağlı saysız-hesabsız şikayətlər daxil olub. Yalnız bundan sonra “mavi”lərin şəhərin mərkəzi hissələrində kütləvi şəkildə yığışmasına qeyri-rəsmi şəkildə yasaq qoyulub. Bu qadağanı əsaslandıran bir məqam da odur ki, transseksuallar həm də potensial cinayətkarlar sayılır. Çünki dəfələrlə onların sivil vətəndaşa hücum etməsi, silahlı müqavimət göstərməsi, hətta qətllər törətməsi faktları qeydə alınıb.

Bu xəbərin izi ilə bir vaxtlar “mavi”lərin tez-tez toplaşdığı məşhur məkanlara üz tutduq və deyilənlərin gerçək olub-olmadığını araşdırdıq. Araşdırmamız nəticəsində aydın oldu ki, məlum qeyri-rəsmi qərar həqiqətən də icra olunub. Cinsi azlıqlar artıq toplu halda bir əraziyə yığışmırlar. Söhbət “mavilər”in gecə saatlarında ən çox yığışdığı Səməd Vurğun bağı, “Torqovı” küçəsi, “Əzizbəyov” və “20 yanvar” metroları, həmçinin “Şamaxinka”, Tiflis prospekti kimi ərazilərdən gedir. Vaxtilə onlar axşamlar adıçəkilən ünvanlarda yol qırağına düzülüb maşınlara əl edir, müştəri axtarışına çıxırdılar.
İndi isə vəziyyət fərqlidir. Qəfildən yoxa çıxan “mavi”ləri yalnız internet saytlarında, tanışlıq qruplarında, sosial şəbəkələrdə tapmaq olar. Onlar internet fəzasına köç ediblər və burada azad şəkildə “fəaliyyət” göstərirlər. Bu saytlarda əlaqə nömrələri və “xidmət” haqqı da göstərilib.


Həmin nömrələrdən birinə zəng açdıq. Telefona cavab verən “Dina” adlı şəxs bizə Səməd Vurğun bağına gəlməyi təklif etdi. Onun dediyinə görə, yaşadığı mənzildə 1 saatı 40 manata “xidmət” göstərir. Üstəlik, internetdə “müştəri” axtarmağın daha asan olduğunu söylədi, nəinki küçələrdə: “Küçədə hər gün polis bizə ilişir, pul istəyir, kobudluq edir. İstəyəndə bizi döyürlər, bölməyə aparıb incidirlər. Ona görə də internetdə daha rahat işləyirəm”.

“Fiana” adlı digər “mavi” isə əcaib bir ünvana gəlməyi təklif etdi. O, bizi “Təzə bəy” hamamının yanında gözləyəcəyini dedi. Qiymətə gəlincə isə əvvəlkindən fərqlənmirdi.

Ümumiyyətlə, internet saytlarında bu cür əxlaqsızlıqla məşğul olan çoxsaylı “gey”lər tapmaq olar ki, onlara burda nəzarət yoxdur. Araşdırmamız zamanı o da məlum oldu ki, əslində cinsi azlıqlar bir neçə şəbəkədən idarə olunur. Belə ki, onlara insan alveri ilə məşğul olan şəxslər himayədarlıq edir. Hətta bu himayəçilərin arasında hüquq-mühafizə orqanlarının işçilərinə də rast gəlmək mümkündür. Onlar Dubay, Türkiyə və başqa ölkələrə azərbaycanlı qadınları cinsi istismar üçün ixrac etməklə yanaşı “mavi”lərin qeyri-leqal fəaliyyətinə də şərait yaradırlar. //"Yeni Müsavat"

 

OXŞAR XƏBƏRLƏR