Futbol365.az saytının oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunda olan əməkdaşının verdiyi məlumata görə, davaya “Xəzər Lənkəran”ın azarkeşlərindən biri səbəb olub. O, oyundan dərhal sonra matçın baş hakimi Rövşən Əhmədovu vurmaq istəyib. Bu zaman çılğın fanatı saxlayan polis onu bölməyə aparmağa çalışıb. Bundan sonra məsələyə “Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayev müdaxilə edərək azarkeşi polisin əlindən almaq istəyib.
Nəticədə, tərəflər arasında dava düşüb. Polislərlə davaya “Xəzər Lənkəran”ın oyunçuları və azarkeşləri də qoşulublar. Dava zamanı polislər “Xəzər Lənkəran”ın albaniyalı oyunçusu Elvin Beqirini vuraraq yerə yıxıblar . Komanda yoldaşının köməyinə gələn Cənub klubunun qapıçısı Kamran Ağayev də asayiş keşikçiləri ilə davaya girişib.
Hadisə zamanı “Xəzər Lənkəran”ın azarkeşlərindən biri ciddi xəsarət aldığından stadiondan birbaşa xəstəxanaya aparılıb.
Qeyd edək ki, “Bakı”ya 1:2 hesabı ilə uduzan “Xəzər Lənkəran” iki oyunun nəticəsinə görə finala vəsiqə qazanıb.