Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gecə saat 04.00 radələrində Babək prospektində yerləşən “Dalğa” istirahət mərkəzinin sauna otağında baş verib.
32 yaşlı Ramil Qafarov tanışı 43 yaşlı Kəmalə Həsənova ilə birlikdə əylənmək üçün “Dalğa” istirahət mərkəzinə gəlib. Aradan xeyli keçəndən sonra saunada olarkən sözləri düz gəlməyən qadınla kişi mabahisə etməyə başlayıb. Nəticədə içkili vəziyyətdə olan R.Qafarov əyləncə yoldaşına çoxsaylı bıçaq xəsarəti yetirərək onu qətlə yetirib.
Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları gəlib. Şübhəli şəxs saxlanılaraq istintaqa verilib. Faktla bağlı AR Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Məlumata görə, qətlə yetirilən K.Həsənova iki uşaq nənəsidir. Onun əvvəllər Rusiya Federasiyasında məhkum olduğu bildirilən Ramil Qafarovla hər-hansı münasibətinin olub-olmadığı araşdırılır.