Bakıda musiqi festivalı keçiriləcək

ŞOU-BİZNES
11:29 23.12.2010
2132

İstedadlı Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun 80 yaşı tamam olması münasibətilə paytaxtımızda xalq artistinin yubileyinə həsr edilmiş musiqi festivalı keçiriləcək. Bu barədə Bəstəkarlar İttifaqında keçirilən görüşdə qurumun sədri Firəngiz Əlizadə məlumat verib. Onun sözlərinə görə, dekabrın 28-ə qədər davam edəcək festival çərçivəsində paytaxtın müxtəlif mədəniyət ocaqlarında bəstəkarın əsərlərindən ibarət konsert proqramları təşkil ediləcək. Firəngiz Əlizadə həmçinin professora Bəstəkarlar İttifaqı adından mükafat da təqdim etdi.

Musiqişünasların iştirakı ilə keçən görüş daha sonra elmi konfransla davam etdi. Bakı Musiqi Akademiyasının professorları Gülnaz Abdullazadə, Ülviyyə İmanova, İmruz Əfəndiyeva, Telman Hacıyev və başqa sənətşünaslar Tofiq Bakıxanovun yaradıcılığı barədə çıxış etdilər.

Şöhrət ordeni ilə mükafatlandırılan Tofiq Bakıxanovun istedadı ona irsi olaraq atası tarzən Əhməd Bakıxanovdan keçib. Bəstəkar Azərbaycanın musiqi dünyasına 7 simfoniya, simfonik muğamlar, müxtəlif musiqi alətləri üçün 20-yə yaxın konsert, 5 simfonik poema, 20-dən artıq sonata üvertüraları, süitalar və başqa əsərlər bəxş edib.

“Heç bilmirəm bu 80 il necə gəld? Heç özümü 80 yaşında hiss etmirəm. Çünki mən həyatımı yalnız yaradıcılığa, musiqiyə həsr etmişəm”, - deyə Tofiq Bakıxanov vurğulayıb.

Elmi konfransda Tofiq Bakıxanovun musiqili səhnə əsərlərinə də xüsusi diqqət ayrılıb. 30 ilə yaxın Bakı Musiqi Akademiyasının “kamera ansamblı” kafedrasının professoru kimi fəaliyyət göstərən Tofiq Bakıxanovun milli musiqi sahəsində kadrların yetişdirilməsində də böyük xidmətləri var.

 

OXŞAR XƏBƏRLƏR