Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, "Şamaxinka" adlanan ərazidə, “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında 40-45 yaşlarında kişi yol polisinin əməkdaşları ilə mübahisə etdikdən sonra idarə etdiyi “VAZ-21099” markalı maşınına minib. Elə bu zaman o, qəfildən maşınında keçinib.
Binəqədi rayon Polis İdarəsindən faktı təsdiqləyərək bildiriblər ki, ilkin ehtimala görə, kimliyi hələ dəqiqləşdirilməyən kişi ürək tutmasından ölüb. Hadisə yerinə polis idarəsinin və prokurorluğun əməkdaşları yollanaraq ilkin araşdırmalara başlayıblar.
ANS TV-nin hadisə yerində olan müxbirinin məlumatına görə, ölən şəxs əslən İsmayıllı rayonundan olan, Suraxanı rayonunun Balaxanı qəsəbəsində yaşayan 49 yaşlı Rafiq Yusif oğlu Umudovdur. O, “Şamaxinka” adlanan ərazidən Biləcəri qəsəbəsi istiqamətində hərəkət edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman onların arasında mübahisə yaranıb və sürücü ürək tutmasından dünyasını dəyişib.