Nizami rayon Qaz İstismar sahəsinin əməkdaşları - qəza xidmətinin xidmət rəisi Ramil Hidayətov və çilingər Rüfət Əliyev döyülüb. Onlara xəsarət yetirənlər isə idarəyə gecə saatlarında təşrif buyuran “çağırılmamış qonaqlar” - Fuad Əzimov və Aqil Hacıyev olub.
Qonaqlar gecə saatlarında rəhbərliklə görüşmək istəyib. Fuadla Aqil sərxoş olduğundan idarə əmakdaşları ilə aralarında mübahisə düşüb. İdarənin hüquqşünası Şücaəddin Bağırovun sözlərinə görə, təqsirləndirilən şəxslər qəza adı ilə idarənin həyətinə soxulmağa cəhd edib. Bu zaman onların qarşısını almaq istəyən əməkdaşlara burun və ayaq nahiyələrindən xəsarət yetiriblər.
Hadisə zamanı Qaz İstismar Sahəsinin digər əməkdaşları 102 xidmətinə zəng vuraraq kömək istəyiblər. Onların köməyinə Nizami raoyn Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları gəlib. Fuad Əzimov və Aqil Hacıyev bölməyə aparılıb. Bölmədən ANS-ə verilən məlumata görə, onların izahatları alındıqdan sonra sərbəst buraxılıblar. Hazırda isə faktla bağlı idarənin istintaq bölməsində təhqiqat araşdırmaları aparılır. //Ans TV