‘Bakcell’in rouminq xidməti xaricdə olan istifadəçilərin qəzəbinə səbəb olub.
Azərbaycanda mobil operator bazarının inkişaf etdiyi bir dövrdə, özünü “ilk” olaraq ictimaiyyətə təqdim edən “Bakcell” şirkətindən şikayətlər durmadan artmaqdadır. AZXEBER.COM portalının elektron poçtuna daxil olan şikayətçi məktublarına görə, adı çəkilən mobil operatorun rouminq xidməti abunəçilərin qəzəbinə səbəb olub. Belə ki, xarici ölkələrə səfər edən “Bakcell” abunəçiləri rouminq xidmətinin şirkətin qurduğu “pul tələsi” olduğunu qeyd edirlər.
Seymur Həsənov adlı oxucunun AZXEBER.COM-un elektron poçtuna göndərdiyi məktubda şirkətin qeyd etdiyindən daha çox rouminq haqqı aldığını və bunun dələduzluq olduğunu qeyd edib: “Mən Birləşmiş Ərəb Əmirliyində olduğum zaman “Bakcell”in rouminq xidmətindən istifadə etdim. Bakıdan çıxmadan öncə mənə yığım qaydaları ilə bağlı ismarıc göndərildi və operator mənə rouminq xidmətindən istifadə etməyin yollarını başa saldı. Xaricdə olduğum zaman isə, bu kompaniyaların əslində bir yalan olduğunu anladım. Mənə göndərilən ismarıcda Azərbaycana zənglərin 1 dəqiqəsi 0,641 AZN, ölkədaxili zənglərin 1 dəqiqəsi 1,25 AZN, daxil olan zənglərə görə isə 0,641 AZN olduğu qeyd edilmişdi. Ancaq mən çox qısa zənglər edir və balansımı tez-tez yoxlayırdım. Ümumilikdə xaricdə olduğum 7 gün ərzində 4 dəqiqə danışdım və nəticə etibariylə balansımda 20 AZN-dən çox pul qalmalı idi. Ancaq təəssüflər olsun ki, mənim balansım çox qısa müddət ərzində şirkətin yarıtmaz rouminq xidməti sayəsində 0 oldu”.
Xatırladaq ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Azərbaycandakı rominq tariflərinin 20-25 faiz aşağı düşməsinə baxmayaraq qiymətlərin bir qədər də ucuzlaşdırılmasının vacibliyindən danışması “Bakcell” şirkəti üçün heç bir mahiyyət daşımır.
Qeyd edək ki, AZXEBER.COM portalı məsələ ilə bağlı “Bakcell” şirkətinin mövqeyini işiqlandırmağa hazırdır.