“SOS Uşaq Kəndləri-Azərbaycan”dan AZXEBER.COM-a verilən məlumata görə, “Bakcell stars” layihəsində keçiriləni sms kampaniyası zamanı Bakcell abunəçilərinin göndərdikləri qısa mesajlar nəticəsində toplanmış 45 min manat məbləğındə pul vəsaiti Bakı və Gəncədəki SOS Uşaq Kəndlərində özünə yeni ailə tapmış uşaqların mədəni inkişafına, onlarda musiqi duyumunun, incəsənət qabiliyyətinin gəlişdirilməsinə sərf ediləcək.
Beləliklə, Bakı Uşaq Kəndində xor qrupunun yeni repertuarı müəyyən edilərək məşqlərə başlanılmışdır. Uşaqların səhnə perfomansını inkişaf etdirmək üçün Pantomima Teatrından səhnə mədəniyyəti eksperti dəvət edilmiş və xor müəllimi və konsertmeystrlə yanaşı, teatr rejissoru da uşaqlarla məşğul olmağa başlamışdır.
Artıq Bakı Uşaq Kəndini tərk edərək SOS Gənclər Evində yaşayan qızlardan ibartət rəqs qrupunda da dərslər başlamışdır. Qızlar peşəkar rəqs müəllimindən milli rəqslərimizin incəliklərinə yiyiələnməyə başlayıblar. Həmçinin İkinci Gənclər Evinin oğlanlardan ibarət rəqs qrupu da milli rəqslərimizi mənimsəmək üçün peşəkar rəqs dərsləri almağa başlayıblar.
Bakı SOS Uşaq Kəndindəki Yaradıcılıq Mərkəzində isə Rəsm dərnəyi və Bacarıqlı əllər dərnəyi fəaliyyətə başlamışdır. Bundan sonra həftədə 2 dəfə olmaqla dəvət olunmuş peşəkarlar üşaqların rəng duyumunun, əl qabiliyyətinin inkişaf etdirilməsi ilə məşğul olacaqlar.
Gəncə SOS Uşaq Kəndində də layihə çərçivəsində xeyli işlərin görülməsi nəzərdə tutulmuşdur. Burda Xalq Çalğı Alətləri ansamblı, Rəsm, Rəqs və Bacarıqlı Əllər dərnəklərində uşaqların incəsənət qabiliyyətlərinin inkişaf etdirilməsı üçün hər bir şərait yaradılmış və müəllimlər dəvət edilmişdir.
Uşaqlar öyrəndiklərini vaxtaşırı müxtəlif tədbirlərdə çıxış etməklə nümayiş etdirəcəklər. Beləliklə, “Bakcell stars” kampaniyasında iştirak etmiş hər bir vətəndaş belə tədbirlərə qoşulub, uşaqların inkişafında verdiyi töhfənin bəhrəsini əyani şəkildə görə biləcək. Tədbirlər barədə ictimaiyyət vaxtaşırı olaraq məlumatlandırılacaq.
SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası olaraq valideyn himayəsindən məhrum uşaqların hərtərəfli inkişafında iştirak edən, bu işdə bizə kömək edən hər bir quruma, hər bir fərdə dərin minnətdarlığımızı bildirir, belə mənalı və faydalı layihəni həyata keçirən Bakcell şirkətinə bundan sonra da uğrlar arzu edirik. Çünki bu uğurlar nəticəsində cəmiyyətin həssas təbəqəsinə aid olan uşaqlar udur, həmçinin SOS Uşaq Kəndlərinin himayəsində olan valideynsiz uşaqlar.