'Bakcell'dən növbəti biabırçılıq: Əxlaqsızlıq təbliğ edilir

İQTİSADİYYAT
15:03 01.05.2013
5983

“888-ə sms göndər, öz yarını tap!” Bakcell mobil operatorunun abunəçilərinə göndərdiyi mesajın mətni belədir. Mobil operatordakı 888 xidməti çat-tanışlıq üçün nəzərdə tutulub. “Bakcell” ən azı gündə 3-4 dəfə insanlara vaxtından-günün saatından asılı olmayaraq mesaj göndərir. Az qala operator insanları həmin mesaj qarşılığında cavab yazmağa sürükləyir ki, bu da sonda həmin abunəçilərin telefonunun balansından çoxlu sayda pulun çıxması ilə nəticələnir. 888-ə yazılan hər sms-in qiyməti 95 qəpikdir. Məsələ ilə Bakcell müştəri xidmətlərinin mobil operatoru ilə əlaqə saxladıq, o bildirdi ki, 888 ximətindən çat-tanışlıq üçün istifadə edərkən nömrələr gizli saxlanılır və tanışlıqlar realdır. Operator onu da qeyd etdi ki, 888 xidmətindən yalnız görüş üçün istifadə etmək olar, qısa nömrəyə istənilən sözü yaz göndər, mütləq şəkildə mesajına cavab gələcək.Ən pis hal odur ki, “Bakcell” tanışlıq üçün bildiriş mesajını cəmiyyətin bütün üzvlərinə ünvanlayır. Yəni ki, onların içərisində evli, yetkinlik yaşına çatmayan, qoca, azyaşlı, dindar və s. kateqoriyaya daxil olan insanlar var. Mobil operatorun bu xidməti istər İslam, istərsə də Azərbaycan dəyərlərindən qat-qat uzaqdır. “Bakcell”in insanların nəzərində xoşgörü üçün nəzərdə tutduğu 888 xidməti seks və erotik münasibətlərin reklam olunmasıdır. Bu amillər isə cəmiyyətin bütün üzvlərini pozğunluğa çəkir. “Bakcell” və digər mobil operatorların (“Azercell”, “Nar”) bu tip xidmətləri Azərbaycan cəmiyyətində ailədaxili münasibətlərin korlanmasına səbəb ola bilər. Çünki, cəmiyyəti təşkil edən fərdlərin hamısı eyni təfəkkürə sahib deyil. Bu cür xidmətlərə müasirliyin göstəricisi kimi yanaşıb istifadə edən dar düşüncəli insanlar da var, bunun yalnız maddi maraqlar üçün edildiyini bilən insanlar da.

Nəzərə alsaq ki, bu cür xidmətlərdən istifadəyə həvəslilərin böyük əksəriyyətini gənclər və yetkinlik yaşına çatmayan insanlar təşkil edir, vəziyyətin daha təhlükəli xarakterə sahib olması göz önünə sərilir.

Çünki, yetkinlik yaşında olmayan insanlar yaşlarının bu dövründə bədənlərini intim münasibətlər üçün hazırlaşdırırlar. Xüsusən də Azərbaycan mental dəyərləri çərçivəsində qızlara qoyulan qadağalar onları bu cür yollara sürükləyə bilər. Bu isə cəmiyyətdə əxlaqsızlığın genişlənməsinə rəvac verəcək. İnsanların böyük əksəriyyəti “Bakcell”in bu xidmətinin nəyə hesablandığından xəbərdar olsalar da müəyyən hissəsi ümumiyyətlə məlumata malik deyil. Çünki, həqiqətdə bu cür xidmətlər heç bir reallığı əks etdirmir. Yəni ki, yazılan hər sms-ə 95 qəpik çıxır, əksər hallarda göndərilən mesajlar qarşılığında nömrəyə hesabat gəlir ki, ya telefon parametrlərə cavab vermir, ya da ki, abunəçidən növbəti əməliyyat üçün addım istəyir. Fakt tam şəkildə onu göstərir ki, “Bakcell”in 888 xidməti öz abunəçilərinin nömrə balansından pul çəkmək kompaniyasıdır. Konkret olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə istinad etsək “Bakcell”in 888 xidmətində cinayət xarakterli (xuliqanlıq) əməllər var. Məsələnin digər pis tərəfi isə ondan ibarətdir ki, xidmətdən imtina etmək üçün “Stop” sözünü yazıb 888-ə göndərmək də 95 qəpiyə başa gəlir. Yəni ki, 888 insanlar üçün zərərli impulslarla zəngindir.

Dəyanət Rzayev: “Bu cür şeylərin pozğunluğa qədər inkişaf etməməsi üçün həmin xidməti bağlatdırmaq ən düzgün qərardır”

Psixoloq Dəyanət Rzayev deyir ki, , nəinki, “Bakcell”in 888, heç “Azercell” və “Nar“ın bu tip həqiqətə uyğun olmayan xidmətlərindən istifadə etmir. Dəyanət müəllim onu da qeyd etdi ki, mobil operatorların insanlara təqdim etdikləri xidmətlərin əksəriyyəti heç bir mədəniyyət çərçivəsinə sığmır: “Kiməsə zəng edəndə bir də görürsən ki, qulağına ən nifrət elədiyin musiqinin səsi gəlir. Bu səviyyəsizlikdir, görməmişlikdir, düşüncəsizlikdir, dar düşüncəlilikdir. Elə insanlar var ki, çörək almağa pulu yoxdur, amma “Zəngimcell”dən istifadə edir. Mobil operatorlar bu cür xidmətləri reklam edirlər, amma heç kəsi məcbur etmirlər ki, sən də get ondan istifadə et! Azərbaycanda bu cür səviyyəsiz xidmətləri insanlara satmaq daha rahatdır. Amma Avropa və Amerikada insanlar heç vaxt mobil operatorların bu cür axmaq oyunlarına getmirlər, çünki onlara bunların heç biri lazım deyil. Bu cür şeylər cəmiyyəti pozğunluğa aparır. Gör nə deyir ha: “Öz yarını tap!” Düzdür bu cür xidmətlər insanlar üçün nəzərdə tutulub. Guya ki, mobil operatorların niyyəti iki insan arasında ailə qurmağa səy göstərməkdir. Reallıq budur ki, həyatda kimisə görürsən, ondan xoşun gəlir və evlənib ailə həyatı qurursan. Əgər evli adamlar bu cür xidmətlərə inanıb ondan istifadə etməyə çalışırlarsa bu mobil operatorların günahı deyil, insanların öz günahlarıdır. Bu cür şeylərin pozğunluğa qədər inkişaf etməməsi üçün həmin xidməti bağlatdırmaq ən düzgün qərardır. Düzdür, həmin xidmətlər insanlara pozucu təsir göstərir, amma bunun qarşılığında həmin mobil operatorlar milyardlarla manat məbləğində qazanc əldə edirlər. Ümumiyyətlə normal psixologiyaya sahib olan insan mobil operatorların bu cür oyunlarına getməz. Adamın əti tökülür bu cür şeyləri görəndə. Amma insanlar mobil operatorların əldə etdikləri qazanclardan xəbərsizdirlər!”

İri korporasiyaların ən böyük işi ticari işlərdə ən böyük olmaq və xərclədikləri kiçik məbləğlər qarşılığında külli miqdarda maddi vəsaitə sahib olmaqdır. Həmin şirkətlərin istehsal etdikləri yararsız məhsullar, yaxud insanlara təqdim etdikləri heç bir etik normalara sığmayan xidmətlər cəmiyyətin ümumi psixologiyasına ağır zərbələr vurur. Problemlərdən ən gözəl çıxış yolu insanların özləri üçün düzgün hesab etdikləri qərarları qəbul etməkdir. Konkret olaraq “Bakcell”in 888 xidməti misalında cəmiyyəti əxlaqsızlığa dəvət edən iri korporasiyaların bütün zəhərli vərdişlərindən uzaq olmaq lazımdır.

Mənbə: Olaylar qəzeti

OXŞAR XƏBƏRLƏR