Bakı-2020 nümayəndə heyəti İsveçrəyə yola düşür

İDMAN
15:24 13.02.2012
1571
13 Fevral, 2012 tarixində keçirilən mətbuat brifinqində Bakı 2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva ölkəmzin Olimpiya Oyunlarına iddia ərizəsini Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim etmək üçün yüksək səviyyəli nümayəndə heyətimizin İsveçrənin Lozan şəhərinə yola düşdüyünü bildirdi. 

Təşkilat komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, Gənclər və İdman Naziri cənab Azad Rəhimov, Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva və Azərbaycanın məşhur Olimpiya və Paralimpiya Oyunları mükafatçılarından ibarət nümayəndə heyəti Fevralın 14-də Bakının iddia ərizəsini rəsmən BOK-un baş qərərgahına təqdim edəcək. 

Mətbuat nümayəndələri ilə görüş zamanı Milli Olimpiya Komitəsinin Vitse Prezidenti cənab Çingiz Hüseynzadə Bakının iddia ərizəsinin hazır olduğunu bildirdi: “Mən böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, bizim 2020 Olimpiya Oyunlarına namizədlik üçün Sifariş Kitabımızın hazırlanması uğurla başa çatmışdır. Bu kitab, faktiki olaraq bizim rəsmi müraciətimizdir, və o, yerli və xarici mütəxəssislərin köməyi ilə çox yüksək standartlara uyğun hazırlanmışdır. Kitabın hazırlanmasında zəhməti keçən hər kəsə öz təşəkkürümü bildirirəm və namizədliyimizin uğurlu olacağına inanıram.”

Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva isə mətbuat brifinqində Sifariş Kitabının məzmunu haqqında məlumat verdi: “Sifariş Kitabında biz Bakının Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün quracağımız Olimpiya infrastrukturu haqqında ətraflı məlumat təqdim etmişik. Həmin kitabda biz Bakı, və ümumilikdə Azərbaycanın beynəlxalq standartlara cavab verən mövcud idman, nəqliyyat, turizm və digər infrastrukur imkanlarını təsvir edirik. Həmçinin, Bakıda nümunəvi Olimpiya Oyunları keçirmək üçün gələcək illərdə quracağımız yeni infrastruktur planını da təqdim edirik.” Çıxışı zamanı K.Nurullayeva Azərbaycan əhalisinin 2020 Oyunlarına Bakının namizədliyinin irəli sürülməsini tam dəstəklədiyini də vurğuladı: “Azərbaycan xalqı və hökumətinin namizədliyimizi tam dəstəkləməsi məni çox sevindirir. Bu yaxınlarda keçirilən sorğu nəticəsində əhalimizin 95%-i Olimpiya Oyunlarının Bakıda keçirilməsinə razı olduqlarını bildirmişlər. Bu səbəbdən mən dünyanın ən möhtəşəm idman tədbirinin paytaxtımızda keçirmək şərəfinə birlikdə layiq olacağımıza inanıram.”

Paralimpiya Oyunlarında Qızıl medal qazanan cüdoçumuz İlham Zəkiyev də nümayəndə heyətinin üzvü kimi Bakının Oyunlara Ev Sahibliyi etməsinə Azərbaycan xalqının geniş dəstək və arzusunun olmasını BOK tərəfindən layiqincə qiymətləndiriləcəyinə ümid etdiyini bildirdi. “Azərbaycanın böyük idman potensialı var. 2020 Olimpiya Oyunlarının Bakıda keçirilməsi bizə əsl idman potensialımızı reallaşdırmaq imkanı verəcək. Bizim çox gənc əhalimiz var. Olimpiya Məşəlini paytaxtımıza gətirə bilsək, biz milyonlarla gənc oğlan və qızlara Olimpiya Hərəkatına qoşulmaq və dostluq, mükəmməllik, ədalət kimi Olimpiya dəyərlərini regionumuza yaymaq imkanı əldə edərik” – deyə, İlham Zəkiyev bildirdi.

Bakının güləş, boks, bədii gimnastika və digər idman növləri üzrə bir sıra Dünya və Avropa Çempionatları, eləcə də, çoxsaylı beynəlxalq turnirlərə ev sahibliyi etdiyi bildirildi. Buna misal olaraq, ötən həftə Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2014-cü il Avropa Çempionatının Bakıda keçirilməsini təsdiqlədiyini də söylədilər. Azərbaycanın idman pərəstişkarlarını sevindirən digər xəbər isə ötən həftə Azərbaycan güləşçiləri Şərif Şərifov və Mariya Stadnikin Beynəlxalq Güləş federasiyası (FİLA) tərəfindən 2011-ci ilin Ən Yaxşı Güləşçisi adlarına layiq görülməsi oldu.

OXŞAR XƏBƏRLƏR