Bakı Beynəlxalq Dəniz Ticarət Limanı statusunu isbat edir

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı statusunu isbat edir
SİYASƏT
14:57 06.05.2019
5231
Bu gün Azərbaycan iqtidarını heç bir arqunmet olmadan "incələmək”lə tənqid edənlər ölkəmizdə hansı quruculuq işlərinin getdiyinə əyani şahid olmaq istəyirlərsə, o zaman suçlama kampaniyasını deyil, görülən işlərin məhəlli mənasından beynəlxalq statusla hansı uğurlara imza atıldığına diqqət yetirsələr daha yaxşı olar. Çünki, hər bir uğurun arxasında sadəcə iqtidarın deyil, bütövlükdə ölkəmizin nüfuzunun güclənməsi ən vacib şərtlərdən biridir. Avropanın adından "siyasi alver” gündəmini yaradanlar elə Qərbin Azərbaycana olan marağının və qoyduğu yatırımların miqyasına diqdət yetirsələr, o zaman görəcəklər ki, qarşılıqlı etimad şəraitində dövlətimizə beynəlxalq miqyasda verilən dəyərin şahidlik etmiş olarlar. Ən son addımlardan biri də Hollandiyanın dünyada ən nüfuzlu liman işlətmə üzrə ixtisaslaşmış şirkətləri bu dəfə üzünü Bakı Dəniz Ticarət Limanına tutublar.

Logistik şirkətlər bu dəfə Bakıda çalışacaqlar

Azərbaycanla Hollandiya arasında biznes əlaqələrinin inkişafı barəsində imzalanan memorandumun şərtləri əsasında Limburq əyalətinin Venlo şəhərindəki nüfuzlu təsanə şirkətləri ölkəmizdə fəaliyyət göstərəcəklər. Artıq bu istiqamətdə "Cabooter Group”, "SMART Logistics Centre”, Limburq yatırım və inkişaf şirkəti kimi tanınan "Greenport Venlo”, "KLG Europe” Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında çalışacaqlar. Bundan əlavə, işlərin daha səmərəli və perspektivli olması üçün Hollandiyanın "Fontis Tətbiqi Elmlər Universiteti” bu işdə Azərbaycana yardımçı olacaqdır. Universitet yerli kadrların hazırlanması və texnologiyaların öyrənilməsi və digər sahələrdə Azərbaycana yardım edəcəkdir.

Hollandiyanın Almaniya ilə sərhəddində yerləşən Venlo şəhəri ənənəvi olaraq dünyanın dəniz ticarəti şirkətlərinin distribütörlüyün mərkəzi sayılır. Rotterdam, Antverpen və Amsterdam kimi nəhəng limanların və yükdaşımaların aqrobiznes, geyim brendləri, elektron və digər sahələrdə dəniz ticarətinin təmsilçiliyi məhz Venlo şəhərində yerləşən şirkətlərə məxsusdur.

Qeyd edək ki, Hollandiyanın beynəlxalq miqyasda dəniz ticarəti işləri üzrə çox nüfuzlu şirkətlərinin Azərbaycana maraq göstərməsi və bu istiqamətdə atılacaq addımlar həm də ölkəmizin strateji əhəmiyyətini artıracaqdır. Bu gün faktiki olaraq, tarixi "İpək Yolu” vasitəsilə Şərqlə Qərbi uzlaşdıracaq ən mühüm mərkəz məhz Bakı hesab olunur. Ona görə də, Azərbaycan hakimiyyəti uzaqgörən siyasət apararaq, "Bakı-Tiflis-Qars” dəmir yolunu inşa edibdir. Dövlət büdcəsindən bu proyektin gerçəkləşdirilməsi üçün 640.3 milyon dollar vəsait xərclənilibdir. Bu da ölkəmiz üzərindən ildə 5-7 milyon ton yükün daşınması deməkdir. Yükdaşımalar sayəsində hər il Azərbaycanın büdcəsinə azından 50 milyon dollar gəlir gətirəcək.

Ələt qəsəbəsinin mənzərəsi dəyişəcək

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sayəsində Ələt qəsəbəsi yaxın illərdə hətta şəhər statusu qazana bilər. Çünki, burada yükdaşımalar üzrə yeni mütəxəssislərin cəlb edilməsi, müvafiq infrastrukturların yaradılması sayəsində işçi axınlarına səbəb olacaq.

Ölkəmizdə işsizliyin ləğvi və böyük infrastukturların yaradılması sayəsində qeyri neft sektorunun inkişafına çox böyük təsirini göstərəcək. Ələt qəsəbəsinin Asiya və Avropa ticarət əlaqələrinin əsil mərkəzinə çevrilməsi üçün artıq hökumət səviyyəsində bir sıra addımlar atılmaqdadır. Bu, qəsəbənin infrastukturlarının yenidən qurulması, gözlənilən iş şəraitinin sosial tərəflərinin hesablanmasından ibarətdir. Azərbaycan və Hollandiya arasında imzalanmış yeni layihə ilə bağlı bu il may ayının ilk ongünlüyündə Türkiyənin İstanbul şəhərində "Venlo-İstanbul-Bakı-Çin” konteyner yüklərinin daşınması üzrə testlər həyata keçiriləcək. Bundan sonra isə, Bakıda Venlo Avropa nümayəndəliyinin açılışı olacaqdır.

Onu da qeyd edək ki, "SMART” logistika mərkəzi Azərbaycan hökumətinin razılığı ilə Hollandiyanın Şimali Limburq bölgəsində əldə etdiyi beynəlxalq təcrübələri təhsil və araşdırma müəssisələrinin cəlb edilməsinə çalışacaqdır. Avropanın dəniz ticarəti lojistik mərkəzi sayılan Venlo şəhərində 200-dən artıq ixtisaslaşmış şirkətlər mövcuddur. Hollandiyalı mütəxəssislərin fikrincə Ələtdəki Bakı Dəniz Ticarət Limanı vasitəsilə ildə orta hesabla 10-11.5 milyon ton həcmində yük daşımaq mümkündür. Gələcəkdə isə, bunun həcmini 25 milyon tona qədər artırmaq olar.

"Bir kəmər və bir yol” düsturu

Bu il aprel ayının 25-27-də Çinin paytaxtı Pekində keçirilən "Bir kəmər və bir yol” II Beynəlxalq Forumunda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də iştirak etdi. Prezident İlham Əliyev Çinin dövlət başçısı Si Tszinpinlə görüşündə "İpək Yolu” və "Elektron Kommersiya Proyekti” məsələlərində ümumi razılığa gəlibdir. Bu beynəlxalq tədbirdə tarixi "İpək Yolu”nun Mərkəzi Avropa ilə inteqrasiyasının başlıca iki hədəfi də geniş şəkildə müzakirə olunubdur. "Şərq-Qərb” və "Şimal-Cənub” dəhlizləri vasitəsilə yüklərin daşınması məsələlərində heç bir problem ortaya çıxmayıbdır. Azərbaycanın bu prosesdə xüsusi olaraq diqqət mərkəzində olması uğurlu addımlardan biri sayılmalıdır. Avrasiya məkanında nəhəng yükdaşımaları "İpək Yolu” üzərindən keçməklə uzlaşdıra biləcək imkanları maraqla qarşılanıbdır.

Onu da qeyd edək ki, Azərbaycan beynəlxalq "Şimal-Cənub dəhlizi” məsələsində multimodal layihələrin əsas iştirakçılarından biridir. Bu, dəniz, dəmiryolu və avtomobil yollarının əlverişli səviyyədə olmasından ibarətdir. Bu proyektə cəlb olunan ölkələr arasında Rusiya Federasiyası, İran, Əfqanıstan, Hindistan və digər dövlətlər daxildir. Ümumi yolun həcmi 7200 km-dir. Bakı Dəniz Ticarəti Limanı bu istiqamətdə Mumbai, Moskva, Tehran, Bəndər Abbas və Bəndər Ənzəli limanları ilə artıq ticarət əlaqələrini qurubdur. "Şimal-Cənub dəhlizi”nin daha geniş miqyasda fəaliyyəti isə ölkəmiz üçün əlavə gəlir mənbələri deməkdir.

Azərbaycanın Hollandiya şirkətlərini Bakı Dəniz Ticarət Limanı ilə ortaq fəaliyyət göstərmək üçün dəvət etməsi beynəlxalq nəqliyyat dəhlizinin Xəzər və Qara dəniz dənizləri, eləcə də Avropa ilə uzlaşan yolların genişlənməsinə xidmət edəcək. Ölkə prezidenti İlham Əliyev dəfələrlə bəyanatlar verərək bildirib ki, ölkəmizdə qeyri neft sektorunun inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetiriləcəkdir. Həmin sektorun daha işlək və gəlirli sahəyə çevrilməsi üçün artıq qlobal səviyyədə işlər həyata keçirilir. Bakı Dəniz Ticarəti Limanının beynəlxalq miqyasda fəaliyyətinin nizamlanması buna əyani sübutdur.

Ənvər Yusifoğlu
OXŞAR XƏBƏRLƏR