Bakı sakinlərinin metroda kondisioner ümidləri puça çıxdı.
Milli.Az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl metroda xəttə buraxılan, görünüşü ilə diqqət cəlb edən, sərnişin salonlarının genişliyi və daha komfortlu olması ilə seçilən yeni qatarlar xəttdən çıxarılıb. Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə Milli.Az-a açıqlamasında bildirdi ki, həmin qatarlar artıq geri qaytarılıb. Baş mühəndisin sözlərinə görə, həmin qatarlar sərfəli olmadı: “Qatarları monitorinq üçün gətirmişdik. 6 ay monitorinq keçirdik. O qatarların enerji sərfiyyatı çoxdur. Onların sərfiyyatı Bakı metrosundakı köhnə qatarlardan 20 faiz artıqdır”. F.Tağızadə qeyd etdi ki, yeni açılan xətlərdə həmin vaqonlar və ona oxşarlarından olacaq. Gərək sistem həmin qatarlara uyğun qurulsun. Qeyd edək ki, geri qaytarılan qatarların rəngi sarı, qapıları isə narıncı rəngdə idi. Köhnə qatarların maşinist kabinəsində 2 maşinist əyləşirdisə, yeni qatarlarda bir maşinist qatarları idarə edirdi. Eyni zamanda, həmin vaqonlarda hər bir sistem kompüterləşdirilmişdi.