Bakı Neft-Energetika Kollecində bazar qanunları – Rüşvət qalmaqalı

Bakı Neft-Energetika Kollecində bazar qanunları –  Rüşvət qalmaqalı
Bütün Xəbərlər
12:40 27.06.2013
3489

Ötən saylarımızda biz dəfələrlə şəhər və rayonlarımızda fəaliyyət göstərən kolleclərin bir çoxunda kök salmış neqativ hallardan bəhs edən tənqidi məqalələr dərc etmişik.

 Həmin yazılarda biz hər dəfə belə bir fikri də xüsusi olaraq vurğulamışıq ki, kollec sistemi təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsidir. Məhz elə bu səbəbdən də bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. 

Bununla belə hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Bakının Sabunçu rayonu ərazisində, Bakıxanov qəsəbəsində yerləşən Bakı Neft-Energetika Kollecində də təhsilin keyfiyyətini aşağı salan neqativ hallar baş verməkdədir. Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyindəki bu təhsil müəssisəsində mühasibat uçotu, menecment, gömrük işi, neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı, neft və qaz yataqlarının istismarı, neft və qaz emalı, elektrik stansiyalarının və yarımstansiyaların elektrik avadanlıqlarının quraşdırılması, elektrik təchizatı, elektrik maşınlar və avadanlıqları, istilik energetik qurğuları, yol hərəkətinin təşkili, avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasları tədris olunur. Mənbələr xəbər verir ki, Mehman Abduləzizovun direktorluq etdiyi bu kollecdə təhsil alan tələbələr bütün imtahanlara “xüsusi proqram” əsasında hazırlaşırlar. Bizə təqdim olunan məlumatlarda belə bir fakt da vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən abu-hava öz gərginliyi ilə diqqəti cəlb edir. Başqa sözlə desək, bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı qiymət alveri predmetinə çevrilmişdir. Müxtəlif fənlər üzrə imtahan qiymətləri məhz müəllimlərin kommersiya səriştələri və tələbələrin "qiymət öldürmək" bacarıqlarına müvafiq olaraq individual qaydada müəyyən edilir. Daxil olan məlumatlara görə, ilin ilk rübü üçün nəzərdə tutulan imtahanlar ixtisas dekanları üçün uğurlu keçib. Kollecdə olan mənbələr isə vəziyyəti belə təsvir edirlər: “Burada tələbələrin və müəllimlərin psixologiyasına oxumaq və təhsil vermək yaddır. Tələbələrin təhsil almaq həvəsləri məqsədyönlü şəkildə boğulur. Hər imtahanqabağı ixtisas rəhbərləri onları öz otağına yığır və deyir ki, filan imtahanın qiyməti bu qədərdir. Tələbə məcburdur, borc-xərc edib imtahanların pulunu tapsın. Pulsuz imtahana gəlmək, avtomatik kəsilmək deməkdir.” Digər tərəfdən isə kollecin direktoru Mehman Abduləzizovun yol verdiyi özbaşnalıqlar və qanun pozuntuları hətta Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırılır. Təhsil sahəsində həyata keçirilən islahatlar və ölkədə aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri fonunda 

M.Abduləzizov tərəfindən bu gün də qanunsuz tələbə qəbullarının reallaşdırılması faktı kollec direktorunun bu “əməliyyat sistemini” yüksək səviyyədə təkmilləşdirə bildiyindən xəbər verir: “Direktor kolleci dövlətin yox, sanki özünün yazılmamış qanunları ilə idarə edir. Məsələn, təhsil ocağına qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılsa da, direktorun qeyri-qanuni əməlləri sayəsində hazırda 50-yə yaxın tələbə bura testdən kənar daxil olublar. Komissiyanın siyahısı ilə kollecə daxil olanların adları tutuşdurulsa, qanunsuzluqlar üzə çıxacaq. Belə olan halda isə həmin tələbələrə verilən diplomlar da saxta sayılır. Buraxılış imtahanları zamanı direktorun üzü gülür. Ona görə ki, hər tələbə bu imtahandan keçib diplom ala bilmək üçün ən azı 500 manat pul verir. Yüzlərlə tələbədən bu qədər yığılsa, çox böyük məbləğ əmələ gəlir.” Məlumatlarda həmçinin qeyd olunur ki, Bakı Neft-Energetika Kolleci ötən il nazirliyin Akkreditasiya Şurasından keçə bilməmişdi. Buna səbəb kimi isə kollecdə yer almış özbaşınalıqlar və korrupsiya halları göstərilir.

Bizim dövr qəzeti

OXŞAR XƏBƏRLƏR