Qobustan rayonundakı “Cənnət bağı” istirahət-əyləncə mərkəzində baş vermiş və 10 yaşlı Dəniz Qorcunun dünyasını dəyişməsi ilə nəticələnən faciə ilə bağlı adı hadisədə hallanan Bakı Oksford Məktəbi açıqlama yayıb.
AZXEBER.COM xəbər verir ki, məktəbdən Editor.az-a daxil olan açıqlamada deyilir: “Bakı Oksford məktəbinin kollektivi, bu məktəbin şagirdi Dəniz Qorçunun faciəli ölümündən kədərləndiyini bildirir, mərhumun yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir. Baş vermiş faciə Dənizi tanıyanların hamısını məyus etmişdir. Bu parlaq, istedadlı və mehriban gənc qız bütün sinif yoldaşlarının və müəllimlərin dərin sevgisini qazana bilmişdi. Bu, bizim hamımız üçün əvəzsiz bir itkidir. Məktəb rəhbərliyi ictimaiyyətin diqqətinə çatdırır ki, Dənizin və onun sinif yoldaşlarının olduğu elektrokarı hadisə zamanı yaralanan digər şagird Ayla Hacızadənin fərdi tərbiyəçisi olan Aytən Əzizova idarə etmişdir. Məktəbimizin əməkdaşı olmayan Aytən Əzizova, şagirdləri “Bağ-bağat” əyləncə mərkəzində müşaiyət edən pedaqoqların çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayaraq bir qrup məktəblinin elektrokarda gəzintisinin təşəbbüskarı olmuşdur”. Qeyd edək ki, hadisədən sonra “Cənnət bağı” istirahət mərkəzindəki otelin direktoru Naina Bakaldina APA TV-yə bildirib ki, elektrokarı Aytən Əzizova idarə edirmiş. Onun sözlərinə görə, Aytən Əzizova döngədə idarəetməni itirib, nəticədə elektrokar aşıb. Naina Bakaldina onu da deyib ki, baş vermiş faciədə istirahət mərkəzinin heç bir günahı yoxdur.