Bakı polisi xəbərdarlıq etdi: Yollarda təhlükə var

Bakı polisi xəbərdarlıq etdi: Yollarda təhlükə var
Bütün Xəbərlər
19:09 08.02.2012
1491
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AzərTAc-a bildirib ki, qarın yağması, şaxtanın və çovğunun olması ilə bağlı paytaxtın küçə və yollarında təmizləmə işləri aparılsa da avtomobillərin hərəkətinə demək olar ki, təhlükə var: “Ötən günlərdən fərqli olaraq bu gün Bakının inzibati ərazisinə daxil olan küçə və yollarda avtomobillərin sayı azdır. Bu, yaxşı haldır”.V.Əsədov deyib ki, paytaxtın əsasən enişli-yoxuşlu yollarında, Balaxanı qəsəbəsi istiqamətində yollar buz bağlayıb, Xəzər rayonu ərazisində də buzlu yollar var: “Yasamal rayonunun ərazisində hündür yerlərdə buzdan avtomobillərin hərəkəti mümkün deyil. Amma buna baxmayaraq, yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün yol polisi əməkdaşları bütövlükdə səfərbər edilərək gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Enişli-yoxuşlu yollar nəzarətə götürülmüşdür, müəyyən yollarda avtomobillərin hərəkəti keçilməz olduğundan istiqamətlər dəyişdirilib”.Üçüncü Kənar Dairəvi yolda da avtomobillərin hərəkətinin təhlükəli olduğunu bildirən bölmə rəisi vurğulayıb ki, bütün sürücülər diqqətli olsunlar, mümkün qədər ictimai nəqliyyatdan istifadə etsinlər. Onlar hava şəraitindən asılı olmayaraq yol nişanlarının tələblərinə mütləq əməl etsinlər. Sürücülər Yol Hərəkəti Haqqında Qanunun tələbinə uyğun hərəkət etməlidirlər. Mütləq təhlükəsizlik kəmərindən istifadə olunmalıdır. Çünki belə hava şəraitində avtomobilin sürüşərək maneəyə dəyməsi sürücünün və ya sərnişinin xəsarət almasına səbəb ola bilər”.
OXŞAR XƏBƏRLƏR