Bakı Qızlar Universiteti ilə bağlı yeni qərar: Tələbələrin taleyi necə olacaq?

Bakı Qızlar Universiteti ilə bağlı yeni qərar: Tələbələrin taleyi necə olacaq?
SOSİAL
17:15 03.08.2026
223
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

AZXEBER.COMxəbər verir ki, universitetin fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu aparılmayacaq.

Hazırda universitetdə təhsil alan 1568 tələbədən 1513-ü bakalavriatın 11 ixtisası, 55-i isə magistraturanın 2 ixtisası üzrə təhsil alır. Tələbələrin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bal, ixtisası, təhsil səviyyəsi, təhsilalma forması, tədris ili, təhsil dili, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaları, eləcə də digər meyarlar nəzərə alınmaqla onların təhsillərinin Bakıda fəaliyyət göstərən digər özəl ali təhsil müəssisələrində davam etdirilməsi məqsədilə köçürülməsi planlaşdırılır.

Bununla yanaşı, akademik məzuniyyətdə olan, təhsilini müvəqqəti dayandırmış və müxtəlif səbəblərlə universitetdən xaric edilmiş şəxslərlə bağlı məlumatlar dəqiqləşdiriləcək. Onların təhsil hüquqlarının qanunvericiliyə uyğun şəkildə təmin olunması istiqamətində müvafiq tədbirlər görüləcək.

Qeyd olunub ki, Bakı Qızlar Universiteti tərəfindən əvvəlki illərdə verilmiş diplom və digər təhsil sənədlərinin hüquqi qüvvəsi dəyişməyəcək. Universitet məzunlarının diplomları etibarlı və tanınmış olaraq qalacaq. Cari tədris ilində universiteti bitirən məzunlara da qanunvericiliyə uyğun qaydada diplomlar təqdim ediləcək.

Bildirilib ki, universitetdə 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub. Onların yarıdan çoxunun elmi dərəcəsi yoxdur və əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək. Universitetin ştat əməkdaşları isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə biləcəklər. Elm və Təhsil Nazirliyi bununla bağlı ali təhsil müəssisələrinə müvafiq tövsiyələr verəcək.

Qeyd edilib ki, bütün proses ərzində tələbələrin təhsilinin fasiləsiz davam etdirilməsi ilə bağlı görülən işlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.
OXŞAR XƏBƏRLƏR