Bakı şəhər ‘QAİ’sinin oliqarxa çevrilmiş şöbə rəisi - İLGİNC FAKTLAR

Bakı şəhər ‘QAİ’sinin oliqarxa çevrilmiş şöbə rəisi -  İLGİNC FAKTLAR
Bütün Xəbərlər
15:08 17.06.2014
3027
Korrupsiyaya qurşanmış Malik İbrahimov çoxsaylı evlərə, obyektlərə və avtomaşınlara sahiblənib

“Bizim Dövr” qəzeti Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov və idarənin İnzibati xəta haqqında işlər üzrə qərarların icra şöbəsinin rəisi Malik İbrahimov haqqında olduqca sərt ittihamların yer aldığı məqalə dərc edib. Editor.a qəzetə istinadən məqaləni olduğu kimi təqdim edir:

“Qəzetimizin ötən saylarında Bakı şəhərinin yol polislərindən bəhs edən tənqidi məqalələr dərc olunmuşdu. Sözün düzü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin fəaliyyətində yer almış bir sıra qüsurlu məqamlara toxunduğumuz həmin materialın mövzusuna bu tezliklə yenidən müraciət edəcəyimizi özümüz də gözləmirdik. Lakin BŞDYPİ-nin İnzibati xəta haqqında işlər üzrə qərarların icra şöbəsinin rəisi, mayor Malik İbrahimovun, onun yaxın dostu və bir müddət bundan əvvələ qədər həm də işçisi Namiq Kərimovun, eləcə də onlara himayədarlıq edən BŞDYP İdarəsinin rəisi Nuşirəvan Səfərovun yolverilməz fəaliyyətlərinə dair mətbuatda dərc olunan az qala hər tənqidi kəlmə, kifayət qədər böyük ictimai rezonansa səbəb olur. Hər hansı bir məlumatın dərci, dərhal yeni məlumatlar axınına yol açır.

Qeyd etmək lazımdır ki, əslində Nuşirəvan Səfərovun fəaliyyəti barədə mənfi ictimai rəyin formalaşması prosesinin pik nöqtəsi ötən ilin iyun ayına təsadüf etmişdi. Xatırlayırsınızsa həmin vaxt paytaxtın Nizami rayonundakı cərimə meydançalarından birində baş vermiş yanğın nəticəsində 60-a yaxın avtomobil yanmışdı. Baş verən yanğın hadisəsinə görə məhz Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin məsuliyyət daşımalı olduğu o vaxt da göz qabağında idi. Yekdil ictimai rəy də belə idi ki, yanğın nəticəsində ziyan görmüş avtomobillərin sahiblərinə kompensasiya ödənilməlidir. Lakin BŞDYPİ-nin rəhbərliyi sığorta sənədi olmayan maşınlara görə təzminat ödənilməsi məsələsini şübhə altına alaraq zərbəni sığorta şirkətlərinə yönəltməyə cəhd etmişdilər. Məsələnin mahiyyəti isə bundan ibarətdir ki, o zaman da, indi də cərimə meydançalarında saxlanılan avtomobillərin müəyyən hissəsi qeydiyyatdan yayındırılır. Daha doğrusu, yol polisinin cərimə meydançalarında olan adamları bu sahədə əsl biznes qurublar. Meydançalara gətirilən maşınların cəriməsi “qara siyahı” üzrə ödənilir ki, bunun da dövlət büdcəsinə bəlkə də heç bir dəxli yoxdur. Hamıya bəllidir ki, əksər hallarda avtomobillər cərimə meydançasına sahiblərindən xəbərsiz, evakuatorlarla aparılır. Evakuatorlarda isə bir qayda olaraq polis forması geymiş insanları görmək mümkündür. Əgər bu insanlar həqiqətən yol polisi əməkdaşlarıdırsa və onların cərimə meydançalarına apardığı hər hansı maşına ziyan dəyibsə, buna görə mütləq kompensasiya ödənilməlidir. Bu gün isə paytaxtdakı cərimə meydançalarının boş qalmamasında “xüsusi xidmətləri” olan mayor Malik İbrahimovun sürücülərə və avtomobil sahiblərinə qarşı nümayiş etdirdiyi yolverilməz münasibət yenidən bütün ictimaiyyətin hiddətinə səbəb olmuşdur.

Artıq ötən saylarımızda biz M.İbrahimovun özbaşınalıqlarından zərər çəkmiş konkret şəxslərin ifadə və ərizələri əsasında bəzi materiallar dərc etmişdik. Eləcə də ölkənin digər mətbu orqanlarında bu polis məmurunun yol verdiyi ciddi qanun pozuntularına dair açıqlamalar kifayət qədərdir. Təbii ki, BŞDYP İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq müxtəlif haqsızlıqlara yol verilməsi, ilk növbədə həmin şəxslərin arxasında çalışdığı idarənin, yəni BŞDYPİ-nin rəisi polkovnik Nuşirəvan Səfərovun dayandığından xəbər verir.Bununla belə, bir müddət bundan əvvəl BŞDYPİ rəisinin bacısı oğlu, həmin idarənin sabiq əməkdaşı Namiq Kərimovun DYP orqanlarından qovulması da haqsızlıqların sonuna elə də uzun müddət qalmadığından xəbər verir. Artıq qeyd olunduğu kimi, bu günlərdə redaksiyamıza Nuşirəvan Səfərovun bacısı oğlunun BŞDYP İdarəsində işlədiyi müddətdə aludə olduğu “şirin” həyat tərzinə dair bir sıra maraqlı açıqlamalar da təqdim olunmuşdu. Bu xüsusda aldığımız məlumatlarda xüsusilə diqqəti cəlb edən bir məqam da, Namiq Kərimovun öz ad günlərini harada və necə keçirməyə üstünlük verməsi barədə olan açıqlamalarla bağlı idi. Belə ki, mənbənin sözlərinə görə 2013-cü ilin avqust ayında Namiqin 30 illik yubileyi onun dostu Malik İbrahimov tərəfindən Türkiyənin Bələk şəhərində, həm də böyük təm-təraqla qeyd edilmişdi. Məlumatda bildirilirdi ki, bu yubiley şənliklərinə 200 min manatdan artıq pul xərclənib.

Əlbəttə ki, əgər N.Kərimovun həbs olunduğu gün 96 min manat pul “işlədiyini” və Malik Ibrahimovun gündə 150 min manat pul yığdığını yada salsaq, onun daha imkanlı dostu və şöbə rəisi tərəfindən əyləncəyə daha artıq məbləğ xərclənə biləcəyinə şübhə etmək lazım gəlməz. Çünki elə ad günündə Malik Ibrahimovun ona 10 RK 500 nömrə ilə son model BMW hədiyyə etməsi də dostların diqqətindən yayınmayıb.Bu xüsusda yeni aldığımız məlumatlarda isə DYP şöbə rəisinin belə rahatca xərclədiyi pulları necə qazanmasına dair əlavə açıqlamalar da təqdim olunur. Bildirilir ki, BŞDYPİ-də sürücü işləyən serjant rütbəli, Ağa adlı bir şəxsin də bu işdə xüsusi xidmətləri var. Mənbələrin dediyinə görə məhz Ağanın vasitəçiliyi ilə M.İbrahimov öz pullarını aylıq 8 faizlə sələmə verir…

Daha sonra yeni aldığımız məlumatlarda qeyd olunur ki, Malik İbrahimov öz ailəsinin DYP orqanlarında təmsil edən heç də yeganə nümayəndəsi deyildir. Belə ki, onun qardaşı da bu sistemdə çalışır. Həm də məlumatlarda qeyd olunur ki, Malik müəllimin qardaşının maddi imkanları da onun öz imkanlarından geri qalmır. Ən azından Badamdar qəsəbəsində İbrahimov qardaşlarının hər birinin sahib olduqları dörd mərtəbəli qoşa villalar bunu söyləməyə imkan verir. Hələ bu villaların həyətlərində saxlanılan ceyran, cüyür və digər nadir heyvan cinsləri də nəzərə alınarsa, DYP strukturlarında İbrahimovların güzəranlarının kifayət qədər yaxşı olduğunu daha aydın görmək olar. Lakin mənbələr bu göstəricilərin də Malik İbrahimovun əsil imkanlarını düzgün qiymətləndirmək üçün yetərsiz olduğunu vurğulayırlar. Bu xüsusda məlumatlarda bildirilir ki, M.İbrahimovun daha bir dəbdəbəli villası da Şamaxıda yerləşir. Həmçinin onun Bakının “Vorovski” kimi tanınan ərazisində də çoxsaylı kommersiya obyektlərinin olduğu, eləcə də Nabranda yerləşən “Atlant” istirahət mərkəzinə şərik olması məlumatlarda öz əksini tapmışdır. Digər bir məlumatda isə Malik müəllimin sahib olduğu avtomobillərə dair maraqlı açıqlamalar təqdim olunur.

Bildirilir ki, mütəmadi olaraq təşkil etdiyi “reydlər”ə yalnız “Niva” markalı avtomobildə çıxan Malik İbrahimov, əslində çox bahalı markalardan olan bir neçə avtomobilin sahibidir. Lakin DYP məmuru bu avtomobillərin sükanları arxasına çox nadir hallarda əyləşir. Səbəb kimi isə bu göstərilir ki, Malik müəllim gözə gəlməkdən qorxur. Bununla belə etiraf etmək lazımdır ki, bizə təqdim olunan məlumatlarda daha çox marağımıza səbəb olmuş məqam M.İbrahimovun müəyyən sənətçilərlə olan münasibətlərinə dair açıqlamalarla bağlı oldu. Belə ki, aldığımız məlumatlarda Malik müəllimin müğənni Xumar Qədimova ilə çox yaxın dostluq münasibətlərində olduğu söylənilir. Bildirilir ki, artıq uzun müddətdir ki, davam edən bu münasibətlər Malik İbrahimovun müğənniyə disklərinin çıxarılmasında və kliplərin çəkilişində sponsorluq etməsində, həmçinin onun bütün xahişlərinə sözsüz əməl etməyində özünün təzahürlərini tapır. Qeyd olunur ki, Xumar xanımın sənət dostlarından Vasif Məhərrəmlinin, Ədalət Şükürovun və bir çox digərlərinin avtomobilləri cərimə meydançasına aparıldığı zaman da, onun bircə kəlmə xahişi həmin maşınların qeyd-şərtsiz və cəriməsiz öz sahiblərinə geri qaytarılması üçün tam yetərli olub. Eyni zamanda da X.Qədimova ilə konfliktə girən hər hansı digər sənətçilər də dərhal Malik müəllim tərəfindən avtomobillərinin müvəqqəti müsadirəsi ilə cəzalandırılırlar. Daha sonra məlumatlarda qeyd olunur ki, M.İbrahimov qohumlarının, yaxın adamlarının toy məclislərinə də məhz Xumar xanımın dəvət olunması üçün hər zaman ciddi səylər göstərir. Bütün bunların müqabilində isə Xumar xanım da öz dostuna borclu qalmaq istəməmiş, hətta onun şərəfinə bir mahnı da bəstələmişdir”.

//”Bizim Dövr” qəzeti

OXŞAR XƏBƏRLƏR