Bakı şəhər sakinlərinin Bakı şəhər Təhsil İdarəsinin əməkdaşlarının dövlət əmlakını mənimsəmələri barədə müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Müəyyən edilmişdir ki, Bakı şəhər Təhsil İdarəsinin Binəqədi-Nəsimi xidmət bölməsinin bir qrup maddi-məsul şəxsləri qabaqcadan razılaşmaqla, 2010-cu ilin may ayından 2012-ci ilin mart ayınadək olan dövrdə ayrı-ayrı orta məktəblərdə, o cümlədən paytaxtın Binəqədi rayonunun 30, 276, 284, 297, 298, 314, Nəsimi rayonunun 1, 5, 8. 9, 11, 35, 42, 46, 54 saylı və digər orta məktəblərdə işləyən müəllim və texniki işçilərin faktiki əmək haqqı məbləğlərinin şişirdilməsi yolu ilə, habelə həmin təhsil müəssisələrində işləməyən ayrı-ayrı şəxslərin adlarını orta məktəb işçilərinin ümumi siyahısına əlavə etməklə hesablanmış əmək haqlarını onların adlarına alınmış ödəniş kartları vasitəsilə müxtəlif banklara məxsus bankomatlardan ümumilikdə 695 min manat çıxarmaqla külli miqdarda dövlət vəsaitini mənimsəyiblər.