Bakının problemlərini sıralasaq heç şübhəsiz ilk ağıla gələn hər gün yaşadığımız tıxac problemi ilk sıranı tutacaq.
Dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına nə qədər maliyyə ayrılsa da, bu problemə illərdir ki, çıxış yolu tapan olmur.
Nəzərə alsaq ki, pandemiyanın ölkədə nisbətən səngiməsi bir çox sahələrin yenidən bərpa olunmasına səbəb olub.
Uzun müddətdir ki, distant formada davam edən məktəb və universitetlərdəki dərslərin əyani formada tədris olunması, regionlardan Bakıya xeyli sayda tələbənin axın etməsi və bir sıra digər səbəblər yenidən tıxacların artmasına gətirib çıxardır.
Bəs, problem nədən qaynaqlanır və bu istiqamətdə kimlər iş görməlidir?
AZXEBER.COM-a açıqlamasında nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev məsələyə münasibətini bildirib. Onun sözlərinə görə, problemin həllinə daha böyük layihələr, tunellər vasitəsilə nail olmaq olar: "Hamıya məlumdur ki, bu problem son illərin aktual məsələlərindəndir. Hətta indi paytaxtda pik olmayan vaxtlarda da tıxaclar yaranır. Həm məktəb və universitetlərin, həm iş yerlərinin açılması buna daha çox təsir etdi. Məsələyə geniş aspekdən baxmaq lazımdır. Bir yerdə bir körpü tikmək, bir küçə genişləndirmək lokal yanaşmalardır. Xəritəni qarşıya qoyub şəhərin mərkəzinə və geriyə həllər tapılmalıdır. Məsələnin həlli yollarından biri yeni tunellərin tikilməsidir. Biz bir neçə il əvvəl təkliflər vermişdik, amma hələ də cavab verən olmayıb. İçərişəhər metrosu istiqamətindən Badamdar istiqamətinə təxmini 2 kilometrlik bir tunellə problem xeyli həll etmiş ola bilərdik. Bundan başqa şəhərin mərkəzindən, 20 yanvar metrosu ətrafından kənar ərazilərə tunellər vasitəsilə maşınların sıxlığını xeyli azaltmış olarıq. Çünki böyük şəhərlərdə tıxac problemini ancaq bu cür həll etmək olar”.
Ekspert onu da qeyd edib ki, Bakının nəqliyyat işinin düzgün qurulması çox böyük araşdırma tələb edir: "Düzdür, bəzi məsələlər də var ki, ictimai nəqliyyatdan geniş istifadə etməyə təşviq etmək və ya velisoped yollarının açılması ilə insanları şəxsi avtomobil almaq və ya istifadə etmək sevdasından xilas edə bilərik. Düzdür, bunları da həll etmək lazımdır, ancaq bu yenə də köklü islahat olmayacaq. Bildiyimiz kimi, Azərbaycanın inkişaf sürəti yüksəkdir, ölkədə avtomobil parkında 1 milyon 400 mindən çox avtomobil var. Nəzərə alaq ki, bu artım tempi hələ də davam edir. Yəni bu çoxalma qarşısında daha böyük layihələr həyata keçirmək lazımdır. Dediyim kimi yeni tunellərə şəhərimizdə ehtiyac var”.
Aydın Nuri