Binada yaşayan sakinlər isə günorta saatlarında evlərindən zorla çıxarıldıqlarını iddia edirlər. “Musavat.com”a danışan Dilarə Əliyeva 116 ünvanındakı sökülən binanın sakinləri deyir ki, heç bir məhkəmə qərarı olmadan evlərindən çıxarılıblar.
Sakinlər bildirdilər ki, onlara evlərinin hər kvadratına görə 1200 dollar pul ödəniləcək. Hələ “Kapital bank”dakı hesablara pulun köçmədiyini deyən sakinlər gecələməyə ev axtardıqlarını bildirdilər. Sökülən binanın sakinlərindən bəziləri isə qohumlarının evinə yığışmaq məcburiyyətində qalıblar.
Söküntü işləri isə axşam saatlarına kimi davam etdirilib. Nəticədə paytaxt Bakının mərkəzində daha iki tarixi bina yerlə-yeksan edilib.
Qeyd edək ki, “Qış bulvarı” projesi 70 min kvadratmetrlik ərazini əhatə edir. Burada hazırda həm paytaxt sakinlərinin, həm də sürücülərin tıxacda ilişib qalma problemini qismən də olsa aradan qaldıracaq ikimərtəbəli avtodayanacaq tikilməkdədir. Dayanacaqda 3500 maşın saxlamaq mümkün olacaq ki, bunun da tıxacların miqyasını azaldacağı proqnozlaşdırılır.
Ərazidə eyni zamanda 6 yeraltı və 4 yerüstü keçid də inşa edilir. Keçidlərdən ikisi Mirzağa Əliyev, ikisi isə Füzuli küçələrinə çıxacaq. Burada həmçinin estetik görüntü məqsədilə 5 fəvvarə də quraşdırılır. Bu fəvvarələr digər parklardakı fəvvarələrdən fərqli olacaq. Onların hər birinin fərqli dizaynda olacağı bildirilir.
Burada 13 lift və 13 eskalator da fəaliyyət göstərəcək. Həmçinin əlillər üçün də liftlər quraşdırılır. Parkın adına gəlincə isə hələlik parkın adı yoxdur və nə olacağı da məlum deyil. İnşaat işlərinin bu ilin mayında yekunlaşacağı gözlənilir.












































