Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki parklardan birində insanlığa sığmayan cinayət hadisəsi baş verib.
Naməlum şəxslər İsmayıllı sakini, 1965-ci il təvəllüdlü Qəribov Nəsrəddin Seyfəddin oğlunun yolunu kəsərək pul tələb ediblər və ona 9 bıçaq xəsarəti yetiriblər. Qəribovun cibində olan cəmi 1 manat pulu götürən şəxslər daha sonra onun qulaqlarını kəsiblər.
Hadisədən sonra bir neçə saat huşsuz halda parkda qalan Qəribovu ərazidən keçən şəxslər əvvəl Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə, daha sonra isə xəstəxanaya çatdırıblar. Bölmə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Qəribova xəsarət yetirən Əliyev Emil Faiq oğlu və Nuriyev Yusif Ağayusif oğlu saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Qeyd edək ki, cinayət əməlini törədən Nuriyev Yusif zərərçəkənin bir qulağını kəsərək özü ilə aparıb. Nəsrəddin Qəribovun digər qulağını isə həkimlər yerinə bərpa ediblər.
Artıq faktla bağlı cinayət işi qaldırılıb və saxlanılan şəxslər barəsində 13-cü polis bölməsində toplanan materiallar araşdırması üçün Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.
Bakıya işləmək üçün gəldiyini deyən zərərçəkən Nəsrəddin Qəribov isə yenidən İsmayıllıya qayıtmağı fikirləşir.