Bakıda avtobuslar niyə yanır? - ARAŞDIRMA

Bakıda avtobuslar niyə yanır? -  ARAŞDIRMA
Bütün Xəbərlər
17:17 17.05.2013
2084

İllərdi Azərbaycanda Nəqliyyat Sektorunun İnkişafı Strategiyası müəyyən edilsə də, hələ də bu sahədə həllini tapmayan problemlər qalmaqdadı.

Bunlara yol qaydalarının pozulmasını, suni tıxacların yaradılmasını, yollarda yaranan problemi misal göstərmək olar.

Yol qaydalarını pozan nəqliyyat vasitələrinin sırasında kifayət qədər sərnişin avtobusları var ki, bu da sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşən sürücülərin payına düşür. İctimai nəqliyyatdan istifadə edərkən tez-tez sürücülərin sükan arxasında telefonla danışmasını, kiminləsə mübahisə etməsini, ya da ki intervala yetişmək üçün avtobusları yüksək surətlə idarə etməsi ilə qarşılaşırıq.

Avtobus sürücülərinin qəza törətməsinin müxtəlif səbəbləri olsa da başlıca səbəb kimi onların planla işləmələri göstərilir. Sahibkarın gündəlik qoyduğu planı doldurmaq üçün daha çox sərnişin götürmək, benzin pulu, maşın sınanda ehtiyat hissə almaq, üstəlik ailə dolandırmaq üçün sürücülər qayda pozuntusu hesabına da olsa, təhlükəsizlik barədə deyil, yalnız pul barədə fikirləşirlər.

Bəs sərnişinlərin həyatının zəmanətdə olmasına kim nəzarət edir?

Paytaxt ərazisində ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər arasında nizam-intizam qaydasının təkmilləşdirilməsi, həmçinin yol-nəqliyyat hadisələrinin minimuma endirmək məqsədi ilə yol polisinin keçirdiyi reydlər zamanı hər dəfə çoxlu sayda qanun pozuntuları aşkarlanır. Reydlərin keçirilməsi bu halları nisbətən azaltsa da hələ də avtobusların iştirakı ilə kifayət qədər yol nəqliyyat hadisəsi baş verir.

Son illər avtobus sürücüləri arasında qanun pozuntularının artması, yol nəqliyyat hadisələrinin sayına da təsirsiz ötüşməyib. Belə ki, bu il yanvarın 1-dən mayın 1-dək respublikada avtobusların iştirakı ilə 42 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən yol-nəqliyyat hadisəsi zamanı 20 nəfər ölüb, 56 nəfər isə xəsarət alıb.

Avtobuslar niyə yanır?

Araşdırmamız onu göstərir ki, son zamanlar avtobusların ani olaraq hərəkətdə olan zaman alışıb yanması adət halını alıb. Belə ki, 170 nömrəli marşrut avtobusunun mayın 16-da Bakının “Şamaxinka” adlanan ərazisində qəfildən alışıb yanması diqqəti bir daha bu mövzuya yönəldib.

Ekspertlərin fikrincə, buna səbəb istifadə müddəti bitmiş nəqliyyat vasitələrinin hələ də paytaxt küçələrində sərnişindaşınmada istifadə edilməsidir. Bu avtobusların sahibləri əsasən sözügedən marşrutları paytaxtın kənarında işlədirki, bu da həmin baxımsız avtobusların bədbaxt hadisələrə səbəb olması ilə nəticələnir.

Nazirlik rəsmilərinin sözlərinə görə, Bakıya yeni avtobuslarının gətirilməsi bu problemi aradan qaldıracaq.

Ancaq araşdırmamızın nəticəsi onu göstərir ki, məsələ bu qədər sadə deyil. Çünki yeni avtobusların gətirilməsinin ardından istifadəyə yararsız olan sərnişin avtobusları mərkəzdən kənarda işləyən sahibkarlara paylanılır. Bu isə bu cür bədbaxt hadisələrin artmasına və sərnişinlərin həyatının hər gün təhlükədə qalması ilə nəticələnir.

İqtisadçı ekspert Nazim Məmmədov AZXEBER.COM-a açıqlamasında nəqliyyat sahəsindəki problemləri bir sıra səbəblərlə izah edib. Ekspert ilk olaraq, Nəqliyyat Nazirliyinin özəl sahibkarlara qarşı apardığı nəzarətin yetərli olmadığını və burada korrupsiya faktlarının çoxluğu ilə əlaqələndirib:

“Bilirsiniz ki, Azərbaycanda sərnişindaşıma özəl şirkətlər tərəfindən həyata keçirilir. Cənab prezident dəfələrlə bu və ya digər toplantılarda sahibkarlara eyni cür şəraitin yaradılmasını, onlara siyasi, mədəni, maddi-mənəvi dəstəyini həmişə nümayiş etdirib. Çox təəssüf olsun ki, Nəqliyyat Nazirliyinə yaxın olan şirkətlər bu sahəni inhisarda saxlamağa davam edirlər. Elə avtobusların bu vəziyyətdə olması sürücülərin etik davranışları, xarici görünüşləri və başqa məsələlər arzuolunmaz şəkildə olduğunun sübutudur. Bu da ondan irəli gəlir ki, nazirlik bu sahəyə cavabdeh olan, yəni qanun-qaydaya riayət edən orqan olaraq həmin şirkətlər qarşısında öz işini tam görmür. Və onlara ciddi təsir edə bilmir. Bu sahədə müəyyən struktur islahatları aparılmalıdır”.

Fatimə İbrahimova

Ayşə İsazadə

OXŞAR XƏBƏRLƏR