Bir neçə gündür ki, Bakıda Azərbaycan hökuməti, “Avroviziya” mahnı müsabiqəsi, gey paradın əleyhinə, islamın təbliğinə yönəlmiş müraciətlər və CD-lər yayılıb.
Disk və müraciət salafan torbalarda evlərin bloklarına, həyətlərə qoyulur, marketlərdə, ticarət obyektlərində təbliğ olunur.
Film boyu “Allahın qəzəbindən qorxun!” çağırışı tez-tez ekranda görünür, Nyu-Yorku okean sularının yuması, vulkan püskürmələri və digər bəlalar əks olunur.
Azərbaycan iqtidarının islam əleyhinə siyasəti kəskin tənqid olunur, məscidlərin və evlərin sökülməsi, vətəndaşlara qarşı zorakılıq, gey paradlardan kadrlar nümayiş etdirilir.
Filmdə Qarabağın işğalından, Xocalı faciəsinin qurbanlarından, həbsdə olan islamçıların mübarizəsindən bəhs edilir, Azərbaycan hökuməti həbsdə olan islamçıları azad etməyə, hicaba icazə verməyə çağırılır. /// 'Turan'