AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, bu barədə danışan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev bildirib ki, layihə çərçivəsində Əhməd Bəy Ağaoğlu küçəsi istiqamətində yeni tunellərin tikintisi nəzərdə tutulur. Bundan başqa, ''20 Yanvar'' dairəsi ətrafında da yeniliklər olacaq.
Tıxacın azaldılması üçün nəzərdə tutulan digər iri layihə isə Bakı-Sumqayıt istiqamətini əhatə edir. Xüsusilə səhər və axşam saatlarında sürücülərin saatlarla vaxt itirdiyi bu yolda alternativ çıxış imkanları yaradılacaq. Layihəyə əsasən, Bakı-Şamaxı-Yevlax yolu istiqamətində, Sulutəpə, Hökməli və Qobu ərazilərinə ''Ekoloji Nəzarət'' postuna çatmadan yeni yol ötürücüsünün tikilməsi nəzərdə tutulur. Məqsəd nəqliyyat axınının bir hissəsini alternativ istiqamətlərə yönləndirməkdir.
Anar Rzayev onu da əlavə etdi ki, Bakı-Sumqayıt yolunda Xırdalan dairəsi ətrafındakı kaotik vəziyyəti aradan qaldırmaq üçün də planlar var.
AYNA-sədri paytaxtda ictimai nəqliyyat sahəsində görülən işlərə də toxunub. Onun sözlərinə görə, avtobus parklarının yenilənməsi davam edir və yaxın illərdə ekoloji təmiz avtobusların sayı daha da artırılacaq. Bu isə həm sərnişin sıxlığının azaldılmasına, həm də şəhərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına hesablanıb.
Son vaxtlarda yük avtomobillərinin normadan artıq yüklə hərəkət etməsinə görə tətbiq edilən cərimələrə də münasibət bildirən AYNA sədri vurğulayıb ki, nəzarət mexanizmləri qanunvericiliyə uyğun həyata keçirilir.
Anar Rzayev onu da əlavə etdi ki, yük avtomobili sürücüləri onlara tətbiq edilən cərimədən narazı olduqda AYNA-ya müraciət edirlər ki, bu da dəqiqliklə araşdırılır.
''Tərəzi səhvi demək olar ki, çox nadir halda olur'',-deyə Agentlik sədri bildirib.











































