Bakıda daha 27 min insan öz evindən köçürüləcək

Bakıda daha 27 min insan öz evindən köçürüləcək
Bütün Xəbərlər
12:52 10.04.2012
2057
Son bir neçə ayda Bakının mərkəzində və ətraf qəsəbələrdə söküntülərin intensivliyi artıb. Bu kimi hallar, adətən məhkəmə qərarları olmadan, yaxud məhkəmənin mənzillərin sökülməməsi haqqında qərardad verməsinə rəğmən həyata keçirilir. Aparılan işlər “Eurovision”a hazırlıq kimi qiymətləndirilsə də, sonradan rəsmi dairələr bunu rədd etdilər və paytaxtın yeniləşməsi ilə əlaqələndirdilər. Ancaq qəzetimizin əvvəlki saylarına müsahibəsində tanınmış vəkil Fuad Ağayev Bakının sosial-iqtisadi inkişafına dair Baş planın olmadığına işarə vurmuşdu.Sözügedən durumla bağlı İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin (İHMİB) sədri İradə Cavadova “Bizim Yol”a ilginc açıqlamalar verdi. Onun sözlərinə görə, son həftələr aparılan söküntü işləri məhkəmələrin qərarı olmadan həyata keçirilir: “Bir çox sakinlər var ki, onların mülkləri özəlləşməyib, sənədləşmə yoxdur, məsələn NZS ərazisində yaşayanlar. Hazırda 150-dən çox ailə apelyasiya şikayəti verib. İddiaçı ARDNŞ olduğundan bizim vəsatətlər qəbul olunmur, hakimlər açıq şəkildə onlara tapşırıq verildiyini söyləyirlər. Konkret olaraq, Xətai Rayon Məhkəməsi NZS-də yaşayanlarla bağlı 300-dən çox qərar çıxarıb, 68 apelyasiya şikayətini isə biz hazırlamışıq. Hətta onlara “xeyir ola, apelyasiya şikayəti vermisiniz, heç başqaları şikayət etməyib” deyə söyləyiblər. Çünki ARDNŞ rəsmiləri bir ara camaatla görüşüb insanları aldadıblar ki, şikayət etməyin, onsuz da köçürülməyəcəksiniz. Halbuki, məhkəmə qərarı qüvvəyə minəndən sonra evlərin sökülməyəcəyi mümkünsüzdür. Amma hakimiyyət mülkiyyət toxunulmazlığı ilə bağlı öhdəlikləri də unutmamalıdır”.İHMİB sədri dedi ki, gələn ay BMT-də iqtisadi, sosial və mədəni hüquqlara dair dinləmələr olacaq: “Bununla bağlı biz yaşayış hüququnun pozulmasına dair müvafiq komitəyə məlumatımızı göndərmişik. Təəssüf ki, hökumət milli fəaliyyət proqramı qəbul etdiyini bəyan etsə də, bunlar kağız üzərində qalır. Və qanunvericilikdəki boşluqlar, insanların illərlə bir yerdə yaşamasına baxmayaraq, mülkiyyət hüquqlarını əldə edə bilməmələri ilə nəticələnir. Baxın, kimsə ev tikirsə, ARDNŞ gəlir rüşvət alır, sonra polis rüşvət alır və qanunsuzluğa göz yumulur. 10-15 il sonra həmin evi qanunsuz tikili hesab edib sökürlər. Əgər qanunsuz tikiliydisə, niyə imkan yaradılıb? Necə ki, Babək prospektindəki evlərin yerini ARDNŞ öz balansında hesab edib, sökəcəyini bəyan edir. Bəs niyə həmin prospektə boruların üzərində tikilən villalar haqqında sökmək qərarı yoxdur? Bundan uzaq məsafədən olan evləri sökəcəklərini deyirlər. Həmin villalar ARDNŞ-də çalışanlarındır. Biz məhkəmədə ARDNŞ rəsmisindən borudan nə nəql olunduğunu, neçənci ildən qoyulduğunu soruşsaq da, cavab verə bilmədi. Yalnız bir dəfə Xətai Məhkəməsində mən sual verəndə dizel keçdiyini söylədilər. Ancaq biz əlavə suallar verəndə hakimlər “nəyə lazımdır bunlar, onsuz da söküləcək” deyə əsəbləşirlər”.İ. Cavadova hesab edir ki, sökülmə bir müddətdən sonra daha total xarakter alacaq: “Bu barədə ARDNŞ-nin Hüquq Departamentinin müdiri Eldar müəllim 27 min adamın köçürüləcəyini bildirmişdi, ona görə ki, evlər neft olan ərazilərdə inşa edilib. Bunların 8 mini Bayıldandır. Bu o deməkdir ki, 27 min insan evsiz qalacaq. Kompensasiyaya gəlincə, onlara kvadratmetrinə 150 manat verirlər, bununla nə etmək olar?! Bu meyar götürüləndə həyətyanı sahə sayılmır, yalnız evin içini hesablayırlar
OXŞAR XƏBƏRLƏR