Bakının 175 nömrəli tam orta ümumtəhsil məktəbində şagird pəncərədən yıxılıb. "Xəzər Xəbər" hadisə anının kadrlarını əldə edib.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, məktəblilər deyirlər ki, şagird 2-ci mərtəbədən dərsdən qaçmaq üçün tullanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı təsdiqlədilər. Bildirildi ki, 175 nömrəli tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi pəncərədən yıxılıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
Şagirdin vəziyyətinə gəldikdə isə, TƏBİB-dən verilən məlumata görə, 2009-cu il təvəllüdlü kişi cinsli şəxs müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.











































