Anormal istilər gəlir - Bu saatlarda çölə çıxmayın

Anormal istilər gəlir - Bu saatlarda çölə çıxmayın
SOSİAL
22:48 04.06.2026
133
Yay mövsümü hələ tam başlamasa da, meteoroloqlar bu il temperaturun normadan yüksək olacağını və havaların qəfil istiləşəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, anomal isti hava şəraiti günvurma və istivurma hallarının sayını artıra bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.

Bəs yüksək temperaturun insan sağlamlığına təsiri nədən ibarətdir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Demokrat.az-a danışan professor Adil Qeybulla bildirib ki, dünyada müşahidə olunan iqlim dəyişiklikləri artıq hər bir ölkədə hiss olunur və insanlar yeni hava şəraitinə uyğunlaşmağa məcburdurlar.

Onun sözlərinə görə, qlobal istiləşmənin əsas səbəblərindən biri insan fəaliyyətinin ətraf mühitə təsiridir:

"Sənaye fəaliyyətinin genişlənməsi, meşələrin qırılması, avtomobillərin sayının artması və atmosferə atılan karbon qazının həcmi istixana effektini gücləndirib. Nəticədə Yer kürəsində orta temperatur yüksəlir, buzlaqlar ərir, okeanların səviyyəsi qalxır və ekstremal hava hadisələri daha tez-tez baş verir. Son illər Avropada müşahidə olunan rekord istilər bunun bariz nümunəsidir."

Professor qeyd edib ki, insan orqanizmi müəyyən həddə qədər istiliyə uyğunlaşa bilsə də, temperatur normadan artıq yüksəldikdə bədənin müdafiə mexanizmləri zəifləyir.

"Normal şəraitdə orqanizm damarların genişlənməsi və tərləmə vasitəsilə bədən temperaturunu tənzimləyir. Lakin həddindən artıq isti havada bu mexanizmlər kifayət etmir. Nəticədə daxili bədən temperaturu artır, arterial təzyiq enə bilər, başgicəllənmə, halsızlıq, huşun itməsi və digər ağır fəsadlar yarana bilər. Bəzi hallarda hüceyrələrdəki zülalların strukturunda dəyişikliklər baş verir ki, bu da həyati təhlükə yaradan vəziyyət hesab olunur."

Mütəxəssis xüsusilə uşaqların risk qrupuna daxil olduğunu vurğulayıb. Onun sözlərinə görə, uşaqların orqanizmində su ehtiyatı daha az olduğundan onlar susuzlaşma və istilik təsirlərinə böyüklərlə müqayisədə daha həssas reaksiya verirlər.

Adil Qeybulla günvurma və istivurma hallarında ilk yardım tədbirlərinin düzgün görülməsinin vacibliyini də diqqətə çatdırıb:

"Belə hallarda zərərçəkmiş şəxs dərhal sərin və kölgəli yerə aparılmalıdır. Üzərinə artıq geyim varsa çıxarılmalı, alnına və boyun nahiyəsinə yaş dəsmal qoyulmalı, bədəni sərin su ilə silinməlidir. Məqsəd bədən temperaturunu tədricən aşağı salmaqdır. Əgər şəxsdə huşun qaralması, nitq pozğunluğu, kəskin halsızlıq və ya bayılma müşahidə edilirsə, dərhal təcili tibbi yardım çağırılmalıdır."

Professorun sözlərinə görə, profilaktik tədbirlər görmək isə daha vacibdir. Belə ki, günəş şüalarının ən intensiv olduğu saat 12:00-dan 16:00-dək açıq havada uzun müddət qalmaq tövsiyə edilmir. Həmin saatlarda mümkün qədər kölgədə olmaq, açıq rəngli və yüngül geyimlərdən istifadə etmək, baş örtüyü taxmaq və gün ərzində kifayət qədər su qəbul etmək lazımdır.

Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliklərinin təsirləri gələcək illərdə daha da güclənə bilər. Bu səbəbdən insanların isti hava şəraitində davranış qaydalarına əməl etməsi, xüsusilə risk qruplarına daxil olan şəxslərin sağlamlığına diqqət yetirməsi mühüm əhəmiyyət daşıyır. Sadə görünən ehtiyat tədbirləri ağır sağlamlıq problemlərinin və hətta ölüm hallarının qarşısını almağa kömək edə bilər.
OXŞAR XƏBƏRLƏR