“Bakıda diskotekaya getməyə vaxt tapmıram” - MÜSAHİBƏ
İDMAN
13:29 23.12.2011
2643
“Bakı” voleybol klubunun amerikalı legioneri Reqan Hudun apasport.az saytına müsahibəsi- Komandanız mövsümə çox uğurlu başlayıb. Həm Azərbaycan Super Liqasında, həm də “Çelenc Cup”da qələbələri sıralayırsınız. Bu, nə ilə bağlıdır? - Heyətimiz əla səviyyədədir. Bununla yanaşı, hər oyuna sonuncu kimi yanaşırıq. Meydanda bütün gücümüzü ortaya qoyuruq. - Ötən mövsüm şərəfini qoruduğunuz Fransanın “Myulhaus” klubu bu il Çempionlar Liqasında (ÇL) çıxış edir. Belə möhtəşəm yarışdan fərqli, “Çelenc Cup”da qüvvəsini sınayan “Bakı”ya keçidinizi hansı amillə bağlayardınız? - Bu addımı atmaqla, karyeramda müəyyən dəyişiklik etmək istədim. İndi isə belə bir güclü kollektivin bir parçası olmaq mənə yaxşı şans yaratdı. Çünki dünyanın aparıcı voleybolçuları ilə bir komandada çıxış edirəm və bu, mənim xeyrimə oldu. Yəni Azərbaycan gəlməyimə peşman olmamışam. Burada hər şey məni qane edir.- “Myulhaus” Çempionlar Liqasında “Rabitə” ilə eyni qrupda yer alıb. Siz bu komandaların duelində sabiq komandanıza, yoxsa bakılılara azarkeşlik edirsiz? - Düzdür, bu komandaların oyunu məndə xüsusi maraq yaradır. Bilirəm ki, Bakıdakı ilk görüşdə “Rabitə” rəqibinə asanlıq qalib gəlib. Lakin bunun üçün demirəm, mən həqiqətən “Rabitə”yə azarkeşlik edirəm. Çünki onlar hazırda mənim də oynadığım Azərbaycan Super Liqasında çıxış edirlər və çox güclüdürlər.- Ötən mövsüm “Bakı”da oynayan Polina Stoyneva “Myulhaus”a keçdi, siz isə oradan Azərbaycana gəldiniz. Necə fikirləşirsiniz, bir-birinizi layiqincə əvəzləyə biləcəksinizmi? - Açığı, onu nə tanıyıram, nə də oyunu barədə məlumatlıyam. Ancaq video vasitəsilə onun çıxışını izləmişəm. Bunun üçün hər hansı fikir yürütməyə çətinlik çəkirəm. - Bəs sabiq komandanızla Bakıda görüşə bildinizmi? - Bəli, komanda yoldaşlarımla və məşqçilərlə görüşməyə imkan tapdım. - Bu sual sizə Stoynevanın Bakı barəsində dediyi sözlərə görə verdik. Bolqarıstanlı legioner iddia edib ki, guya paytaxtımız çirkli şəhərdir. “Myulhaus”un voleybolçuları da ona inanıb. Onlar bu barədə sizə nəsə demədilər ki? - Bundan mənim də xəbərim var. Lakin bu mövzuda söhbət olmadı. Mən isə elə deməzdim. Bakı şəhərinin mərkəzi çox gözəl və təmizdir. Burada güclü tikintilər gedir ki, bu da gələcəkdə paytaxtınızı daha gözəlləşdirəcək. - Müəyyən müddətdir ki, Azərbaycandasınız. Bəs paytaxtımız barəsində başqa nə deyə bilərsiz? - Çox gəzəl şəhərdir. Lakin mən hələ buranın çox yerlərini gəzməyə lazımı vaxt tapmamışam. Yalnız oyun və məşqə, ardından da evə yollanırıq.- İstirahətə vaxtınız olmur? - Düzdür, az da olsa, vaxt tapırıq. Voleybolçu rəfiqələrimlə əsasən Bakıdakı Çin restoranlarına yollanırıq. Burada əsasən yaşıl çay içməyi sevirik.- Bəs gecə həyatınızı necə keçirirsiniz? Bakıda diskotekalara gedirsinizmi? - Sözün düzü, diskotekaya getməyə vaxtım olmur. Çünki təqvim çox sıxdır. Oyunlardan sonra yorğun oluram və bu səbəbdən də diskotekaya getməyə imkan yoxdur.- “Çelenc Cup”ın 1/16 finalında qarşılaşacağınız Kiprin “Apollon” komandası barədə nə deyə bilərsiz? Bu dueldə də sizdən əvvəlkilər kimi asan qələbə gözləmək olarmı? - Asan oyun olmayacaq. Çünki mərhələlər arxada qaldıqca rəqiblər güclənir. Lakin qələbəmizə inanıram. Yəni, mərhələ adlayacağıq. - Super Liqada məqsədiniz nədir? “Bakı”nı yekunda neçənci pillədə görürsünüz? - Əvvəlcədən heç nə demək istəmirəm. Çünki bəzən proqnozlar düz gəlmir. Lakin biz yalnız qələbə üçün, birincilik oynayacağıq. - Siz voleybol aləmində ABŞ, İspaniya və Fransa kimi tanınmış ölkələrdə forma geyinmisiz. Azərbaycan voleybolu və milli komandası barədə nə deyə bilərsiz? - Azərbaycanda çıxış etdiyim üçün çox xoşbəxtəm. Burada çox yaxşı, güclü voleybolçular cəmləşib. Baş məşqçilər də tanınmış simalardır. Hər şey əladır. Burada voleybol çox gözəl inkişaf edir və yığmanızın da güclü olduğu barədə məlumatım var. - Super Liqada məhz ABŞ-dan ən çox əcnəbi çıxış edir. Yəni burada həmyerliləriniz çoxdur. Heç hamınız birgə görüşürsüzmü? - Biz bir-birimizi çoxdan tanıyırıq. Yəni onlarla məhz burada tanış olmamışıq. Əvvəlcədən də münasibətlərimiz var idi və burada birgə olmağımız xoşdur. Hamımız isə tez-tez bir yerdə yığışırıq, söhbətlər edirik. Belə hallar çox darıxmağa da qoymur. - Yeni ilə və Milad bayramına günlər qalıb. Siz bu xoş günləri harada keçirəcəksiz?