Bakının Qaradağ rayonunda hədə-qorxu yolu ilə pul tələb etmə cinayəti baş verib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbə sakini Ramil Ağayev 11-ci polis bölməsinə ərizə ilə müraciət edərək, arvadı ilə aralarında olan mübahisəni gizli yolla mobil telefona çəkmiş həmyerliləri Əkrəm Qayıbovun və İsmayıl İbrahimovun çəkilmış videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyib və ondan 500 manat pul istəmələrini bildirib.
Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İbrahimov və Ə.Qayıbov 500 manat pulu R.Ağayevdən alarkən tutulub, video yazı olan mobil telefon onlardan götürülüb.