Bakıda ölüm və xəsarət alma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə çahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün saat 12:30 radələrində M.Əzizbəyov dairəsindən H.Əliyev adına Beynəlxalq Hava Limanına gedən şosse yolda qeydə alınıb. Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edən "Lexus" markalı avtomobil yolu keçmək istəyən üç nəfər piyadanı vurub. Zərbənin təsirindən piyadalardan biri elə hadisə yerində canını tapşırıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansıyasından ANS PRESS-ə verilən məlumata görə, digər iki nəfər, ölənin arvadı və azyaşlı nəvəsi isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar. Hadisə yerinə polis idarəsinin əməkdaşları cəlb olunub, hadisənin nə səbəbdən baş verməsi araşdırılır. Maşının sürücüsü olan qız saxlanılıb.












































