u gün İctimai Palata (İP) Fəvvarələr meydanında etiraz aksiyası keçirəcək. Aksiya təyin olunan vaxtda - saat 14:00-da başlayacaq. Aksiyada İP-ə daxil olan partiyaların üzvləri, ictimai fəallar və gənclər iştirak edəcək. Məqsəd Beynəlxalq İnsan Haqları Günündə bütün nəzərləri Azərbaycanda demokratiya və insan haqlarının vəziyyətinə yönəltməkdir. Aksiya sanksiyalaşdırılmayıb və Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətə ənənəvi olaraq heç bir yer təklif etməyib. Meriya aksiyanı məqsədəuyğun saymayıb. Bakı Şəhər Baş Polis İdarəsindən isə təşkilatçılara xəbərdarlıq olunub və aksiyanın qarşısının alınacağı bildirilib. Müxalifət isə geri çəkilmək niyyətində olmadığını bəyan edərək bu günə təyin olunan aksiyanı keçirməkdə israrlı olduğunu deyib. Sumqayıt polisi isə yerli müxalifətçilərə xəbərdarlıq edib. Bu barədə “Azadlıq” radiosuna dekabrın 9-da polisə aparılan Müsavat Partiyası Sumqayıt təşkilatının sədri Fəxrəddin Abbas məlumat verib. Onunla birlikdə AXCP və KXCP-nin şəhər təşkilatının sədrlərini Sumqayıt Şəhər Baş Polis İdarəsinə aparıblar. İdarənin rəis müavinləri - Azər Cahangirov və Həsən Əsədov onlara xəbərdarlıq edib ki, 10 dekabr mitinqi icazəsiz olduğuna görə çıxmasınlar. Müsavat başqanının gənclərlə iş üzrə müşaviri Səxavət Soltanlının fikrincə, Beynəlxalq İnsan Haqları Günündə sərbəst toplaşma azadlığını boğmaq hakimiyyəti yenə də rüsvay edəcək: “İqtidarın bu davranışları özünü rəzil etməkdir. Dünyada hər ilin bu günü nümayişlər, yürüşlər keçirilir. Avropa Şurasının üzvü olan bir ölkədə dinc aksiyaya icazə verməmək hakimiyyətin qorxaqlığının sübutudur. Biz dinc aksiya keçirməklə hakimiyyətin, beynəlxalq ictimaiyyətin, eləcə də xalqımızın diqqətini bir daha pozulan hüquqlarımıza cəlb etmək istəyirik. Bu gün hər kəs öz pozulmuş haqlarının müdafiəsinə qalxmalıdır. Hakimiyyət isə anlamalıdır ki, insanların ali hüquqlarına hörmət etmək lazımdır. Dekabrın 10-u meydanda olacağıq, hər kəs etirazlara qoşula bilər”.S.Soltanlı deyir ki, bu gün təkcə aksiyalar çərçivəsində qeyd olunmayacaq: “Aksiyamız sadəcə meydanda etiraz etməklə kifayətlənməyəcək. Gənclər sosial şəbəkələrdə bu günü xüsusi olaraq qeyd edəcəklər. Səsimiz çatan insanlara müraciət edirəm ki, harada hüquqları pozulursa, orda hüquqlarını pozanlara qarşı ən azı sabah etiraz etsinlər. Biz sabah daha aktiv şəkildə meydanda hakimiyyət tərəfindən pozulan hüquqlarımızın bərpasını tələb edəcəyik”. “Dekabrın 10-da keçiriləcək etiraz aksiyası Azərbaycanın azadlığı uğrunda apardığımız mübarizənin tərkib hissəsidir. AXCP bu tədbirə dəstək verir və cəbhəçi gənclər həmişə olduğu kimi bu dəfə də fəallıq nümayiş etdirəcəklər. Tam hazırıq və sosial şəbəkələrdə də çağırışlar edərək narazıları aksiyaya dəvət etmişik” - bunu AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı dedi. Onun sözlərinə görə, aksiyalar davam edəcək və Beynəlxalq İnsan Haqları Günündə ölkəmizdə insan haqlarının pozulduğuna dair nümayişin keçirilməsi düzgün addımdır.