Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə yeni verilmiş Nəsimi rayonundakı 355 nömrəli körpələr evi-uşaq bağçası və 357 nömrəli uşaq bağçası fəaliyyətə başlayıb.
Bu barədə AZXEBER.COM-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, hər iki məktəbəqədər təhsil müəssisəsi 4 qruplu olmaqla müasir tələblər səviyyəsində qurulub. Bağçalar məktəbəqədər təhsil sahəsində müəyyən olunmuş normativ tələblərə uyğun olaraq uşaqların hərtərəfli inkişafı, təlim-tərbiyəsinin təşkili üçün zəruri maddi-texniki baza və şəraitlə təmin edilib. Müəssisələrdə azyaşlıların rahatlığı, təhlükəsizliyi məqsədilə hər bir detal diqqətdə saxlanılıb.
Qeyd edək ki, sözügedən bağçalara uşaqların qəbulu üçün qeydiyyat prosesi elektron sistem üzərindən həyata keçirilir. Valideynlər hər iki bağça üzrə bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə növbəyə yazıla və müraciət edə bilərlər.
Onu da qeyd edək ki, hər iki məktəbəqədər təhsil müəssisəsi bundan öncə Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərib.











































