Bakıda kişi arvadını döyüb.
Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsində qeydə alınıb.
32 yaşlı Adil Nəcəfov (şərti adla) yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı arvadını əl zərbələri ilə döyərək yüngül xəsarətlər yetirib. Bu əməlinə görə, o saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs bildirib ki, axşam saatlarında 1 yaşlı oğullarını gəzdirmək üçün arvadı ilə həyətə düşüblər. Gecə saat 1 radələrində qayıdanda evdə suyun gəlmədiyini görüblər və qadın ödəniş etmək üçün su kartını ona verib. Adil isə su kartını niyə həyətdə olandan ona vermədiyini soruşanda arvadı kobud cavab verib. Bu səbəbdən tərəflər arasında mübahisə başlayıb. Mübahisə zamanı o, arvadına əli ilə zərbələr vurub. Nəticədə qadının sifət, boyun, burun və diz nahiyələrində qançırlar, həmçinin dizində hərəkət məhdudluğu əmələ gəlib.
A. Nəcəfov əməlindən peşman olmasını və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən qadın da həmçinin ərindən şikayətçi olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilərək, A. Nəcəfov məsuliyyətdən azad olunub.
///lent.az///











































