Sentyabrın 1-də «Sing for Democracy» kampaniyasının tərəfdarları Rusiyada«Pussy Riot» rok qrupu üzvlərinin həbsinə etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında aksiya keçiriblər. Onlar əllərində Azərbaycan, ingilis, rus dillərində ««Pussy Riot»a azadlıq!» şüarları və «Pussy Riot» qrupunun üzvlərinin şəkillərini tutublar. Saat 12-də başlanan aksiyanın qarşısını polis alıb. TəşkilatçılardanEmin Hüseynov,Rəsul Cəfərovsaxlanıb. Onlar Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə aparılıblar. AzadlıqRadiosunun hadisə yerində olan müxbirinin məlumatına görə, aksiya başlamazdan öncə 20-yə yaxın polis səfirliyin yaxınlığında hazır vəziyyətdə gözləyiblər. «Sing for Democracy» kampaniyasını Azərbaycanın 2011-ci il «Eurovision» mahnı yarışmasındakı qələbəsindən 2 ay sonra 30-dan artıq yerli hüquq müdafiə təşkilatı yaradıb.